Federasiya prezidenti gənc voleybolçularla görüşdü

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb.

Komanda.az xəbər verir ki, federasiyanın vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və AVF-nin baş katibi Faiq Orucovun iştirak etdiyi görüşə 19-21 mayda keçirilmiş 15 yaşadək qızlar arasında təşkil olunan voleybol turnirində fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.

Şahin Bağırov voleybolçularla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib. Voleybolçuların problemləri ilə maraqlanan federasiya rəhbəri onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşdə Faiq Qarayev çıxış edərək gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Professional voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən Qarayev gənclərə karyeralarında uğurlar arzulayıb.

Daha sonra “Azərreyl-2” komandasının baş məşqçisi, Əməkdar məşqçi Alla Həsənova çıxış edib. O, bir neçə gün əvvəl başa çatmış yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib və qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button