Emrelidən 50-ci qol

Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.

Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.
Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard, bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
    4-5. Qurban Qurbanov – 115
    Samir Ələkbərov – 115
  4. Alay Bəhramov – 108
  5. Nadir Nəbiyev – 103
    8-9. Xaqani Məmmədov – 102
    Vadim Vasilyev – 102
  6. Kənan Kərimov – 101
  7. Musa Qurbanov – 94
  8. Fazil Pərvərov – 89
  9. Samir Musayev – 88
    14-15. Fərrux İsmayılov – 85
    İmamyar Süleymanov – 85
  10. Samir Əliyev – 84
  11. İsmayıl Məmmədov – 76
  12. İlham Məmmədov – 74
  13. Azər İsayev – 73
  14. Paşa Əliyev – 72
  15. Badri Kvaratsxeliya – 71
  16. Zaur Ramazanov – 70
  17. Yunis Hüseynov – 66
    24-25. Mahir Əliyev – 65
    Vidadi Rzayev – 65
    26-29. Georgi Adamiya – 61
    Mahmud Qurbanov – 61
    Ramiz Məmmədov – 61
    Rauf Əliyev – 61
  18. Rəşad Abdullayev – 58
  19. Vaqif Cavadov – 53
  20. Həsən Abdullayev – 51
    Mahir Emreli – 51
    34-37. Mehman Baxışov – 50
    Viktor İqbekoyi – 50
    Vüqar Qəmbərov – 50
    Yalçın Bağırov – 50