“Xəzər Lənkəran”dan “Xan Lənkəran”a kimi

Hüseyn Cəbrayıloğlu

Elxan Məmmədovun son zamanlar vüsət alan region səfərləri siyahısına Lənkəran da əlavə olundu. O Lənkəran ki, Azərbaycan futboluna 17 il əvvəl məhz bu şəhərdən günəş doğmuş, futbola rəqabət, tribunalara yeni nəfəs, futbolçuya kobud misalla “peraşki” əvəzinə “ikra” yedizdirmişdi. Məmmədov isə son dəfə cənub bölgəsinin bütün sahələr üzrə döyünən ürəyində nə az, nə çox, 9 il əvvəl olmuşdu və bu illər ərzində Azərbaycan futbolunda nəzəri bir şey dəyişməsə də, Lənkəranda çox şey dəyişmişdi. Ən əsası, daha “Xəzər Lənkəran” yox idi. AFFA-nın əsas fiquru yeni salınan Lənkəran Olimpiya İdman Kompleksinin boz asfalt üzərində və ən keyfiyyətsiz qazonunun tən ortasında gülərüz, sevincli görünsə də, kompleksin ətrafı ictimaiyyətə təqdim olunan videolarda boş və sakit idi.

Yaxın keçmişdə isə eyni məkanda fərqli ab-hava hökm sürürdü. Lənkəran Olimpiya İdman Kompleksini kifayət qədər yaxşı məbləğə icarəyə götürən “Xəzər Lənkəran” rəhbərliyi klubun aşağı yaş qruplarının məşqlərini məhz burda keçirirdi. Üstəlik, keyfiyyətsiz süni qazonda yox, təbii ot örtüyündə keçirilən məşqlər zamanı bir səs-küy, bir ab-hava olardı ki, baxdıqca doymazdın. Günün istənilən saatında ətraf beş rayondan klubun ayırdığı avtobuslarla gətirilən azyaşlı uşaqların da iştirakı ilə mütləq orda hansısa yaş qrupunun məşqinə rast gəlmək mümkün idi. Elxan Məmmədov Lənkərana gələrkən oraya xüsusi sınıq-salxaq “qazel”ərlə gətirilən uşaqların ayağında indiki kimi tufli-ayaqqabı yox, dünyanın ən məşhur klublarının belə tam olaraq geyinə bilmədiyi “Puma” şirkətinin idman ayaqqabısı ilə yanaşı, tam idman dəsti olardı.

Məmmədov içi boş çantaları paylayandan sonra uşaqlarla futbol da oynayıb və maraqlıdır ki, AFFA-nın paylaşdığı videoda meydanda olan məşqçilərin əynində “Xəzər Lənkəran” klubunun gödəkçəsi olması adamın gözünə girirdi. Sən demə, AFFA bu illər ərzində ELİT məşq layihəsini həyata keçirən məşqçilərinə belə, öz dəstini vermək iqtidarında, ağlında və ya gücündə olmayıb. Mənə maraqlıdır ki, Məmmədov ən azından 2016-cı ildən bəri ölkənin aşağı yaş qruplarına nəinki Lənkərandan, ətraf rayonlardan da neçə futbolçu cəlb olunduğunu bilirmi? Ümumiyyətlə, barmaq qatlamağa rəqəm var, ya yox? Amma bu gün “Qarabağ”da əsas heyət oyunçusu olan, əsas milli komandaya cəlb olunan, əsas heyətdə çıxış imkanı qazanan Toral Bayramov məhz “Xəzər Lənkəran”ın yetirməsi, 7 il əziyyətini çəkdiyi tapıntıdır. Həm də Lənkərandan yox, qonşu rayondan tapılan, kəşf edilən futbolçudur. Heç Elxan müəllimin o da umrunda deyil ki, yaxın keçmişdə, 4-5 il əvvəl Robert Prosineçkinin əsas milli komandaya cəlb etdiyi Elşən Rzazadə, Elnur Cəfərov da tarixin yaddaşına köçən klubun yetirmələri idi. Mən eyni müddət əvvəl “Qarabağ”ın Çempionlar Liqasında iştirakı zamanı Ağdam təmsilçisinin qitənin ən üstün klub turnirində çıxış edən U-19 komandasının əsas heyətində 3, ehtiyatda isə 2 futbolçusunun da “Xəzər Lənkəran” yetirməsi olduğunu Elxan müəllimin yox, “Xəzər Lənkəran” akademiyası nə etdi ki” sualını yazan, əli qələm tutan şəxslərin üzünə şillə kimi fakt olaraq çırpıram. Və siyahını davam etdirə də bilərəm.

“Ayağında tufli, əynində göy qurşağı rənglərinin fonu olan uşaqların içərisindən nə çıxacaq, futbolçu olacaq, ya yox” sualının cavabını indidən kimsə təxmin edə bilməz. Amma Elxan Məmmədov Lənkərana gələnə kimi onların oynamağa heç yeri, hətta topu da yox idi. Məmmədovun yanından belə keçmədiyi, AFFA-nın aşağı yaş qrupları üzrə zona yarışının keçirilməsi üçün yasaq qoyduğu “Xəzər Lənkəran” stadionu balaca uşaqlara təmmənasız qucaq açmasa idi, Lənkərandakı görüşə 10-14 yaş arası futbolçuları özləri ilə Bakıdan gətirməli idilər.

Gələk səfərin ikinci hissəsinə… “Xan Lənkəran” həvəskar komandasının rəhbərliyi ilə görüşü də, bu komandanın yaranmasını, fəaliyyətini də təqdir edirəm. Komandanı yaradanlar əziyyət çəkirlər, müəyyən məbləğdə maddi dəstək olurlar və ən azı İvan Tsvetkovu, Əhməd Dursunu, Oktay Dərəlioğlunu, Mario Souzanı izləyən, onlara çəpik çalan kütləyə Əlinin, Vəlinin, Məmmədin futbolunu göstərib, boş qalmış stadiona bir ab-hava gətirirlər. Amma “mən komanda yaradıram, xahiş edirəm AFFA dəstək olsun” ifadəsini bir lənkəranlı kimi qəbul etmirəm və etmərəm də. Xahiş etdiyiniz adam Lənkəranda futbolun inkişafına zərrə qədər də dəstək olmayıb, 2012-ci ildən bəri Lənkərana ayağını basmayıb və sizdən əvvəl burda fəaliyyət göstərən həvəskar “Alyans” komandasında keçmiş “Xəzər Lənkəran”lı məşqçilərin işləməsinə belə, qadağa qoyub və bu gün bu adamın qarşısında əlini yana salıb mədət ummaq heç bir məntiqə sığmır.

Qısacası, sizə deyimmi biz haradan hara gəlmişik?

2012-ci ildə 17 yaşlı qızlar arasında dünya çempionatının 4 görüşü də Lənkəranda, “Xəzər Lənkəran” stadionunda keçirildi. FİFA-nın keçirdiyi turnirə hazırlıq zamanı necə olursa, klub rəhbərliyinin kobud dillə desəm “beyni çönür” və AFFA-nın Lənkəranda olan nümayəndələrini stadiondan çıxardır ki, burda oyun-filan olmayacaq. Gecə saat 11-12 radələrində Elxan Məmmədov Lənkəranda yaşayan klub rəsmilərindən birinin evinin qarşısına dikilir. Darvaza önündə izah edir ki, “daşı ətəyinizdən tökün, nə olar. Bu FİFA-nın artıq rəsmi təsdiq etdiyi yarışdır e!”

İndi 9 il sonra biz (yəni görüşənlər) Elxan Məmmədovdan xahiş edirik ki, “həvəskar komanda yaradırıq, bizə dəstək olun, nə olar”.