Dünyası dağılmışlar

Kürşad

“Bu məktubu yazandan sonra özümü asacam. Buna məcburam. Banklara olan kredit borclarımı heç vaxt ödəyə bilməyəcəyimi başa düşürəm. Ölməkdən başqa çıxış yolum yoxdur. Məni bağışlayın”.

Bakının yollarında idman avtomobilləri şütüyəcək, bütün dünya Azərbaycanın paytaxtında keçiriləcək Formula 1 yarışından yazacaq. Amma dünyanın o məktubdan xəbəri olmayacaq…

“Yaşım 70-dən çoxdur. Ancaq işləməyə məcburam. Bütün günü burda dayanıb, “semiçka”, siqaret satıram. Günə 3-4 manat qazanc olanda gecə evə çörək alıb apara bilirəm”.

Bakının yollarında idman avtomobilləri şütüyəcək, bütün dünya Azərbaycanın paytaxtında keçiriləcək Formula 1 yarışından yazacaq. Amma dünya yaşı 70-dən yuxarı olan qadının yağışda, qarda küçədə dayanıb, “semiçka”, siqaret satdığını görməyəcək…

“Adımı bilməsəz də olar. 26 yaşım var. İki azyaşlı uşağın anasıyam. Həyat yoldaşım bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. İş üçün hara getdimsə, heç kim qəbul etmədi. Məcbur oldum ki, pul qarşılığında kişilərlə görüşüm. Başqalarının bu yola niyə düşdüyünü bilmirəm, heç bilmək də istəmirəm. Lakin bir Allah şahiddir ki, balalarım acından ölməsin deyə, bədənimi satmağa məcburam. İnanıram ki, Allah məni başa düşər, bunu balalarıma görə etdim…”.

Bakının yollarında idman avtomobilləri şütüyəcək, bütün dünya Azərbaycanın paytaxtında keçiriləcək Formula 1 yarışından yazacaq. Amma dünya iki uşaq anasını fahişəliklə məşğul olmağa məcbur edən səbəbləri bilməyəcək…

“Adım Cəlaldır, 13 yaşındayam. Soruşursuz ki, məktəbə niyə getmirəm? Mən məktəbə getsəm, evimizə heç kim pul apara bilməz axı. Anam xəstədir. Əvvəl süpürgəçilik edirdi. Sonra xəstələndi, işləyə bilmədi. Bir də məndən balaca bacım var. O da məktəbə getmir. Anam deyir ki, nə vaxt pulumuz olar, onda gedər məktəbə. Mən hər iş görə bilirəm – maşın yuyuram, küçə süpürürəm, hələ yük də daşıya bilərəm. Anamın dərmanlarını almaq üçün pul lazımdır. Mən də nə iş olsa işləyirəm ki, dərmanları almağa pul olsun”.

Bakının yollarında idman avtomobilləri şütüyəcək, bütün dünya Azərbaycanın paytaxtında keçiriləcək Formula 1 yarışından yazacaq. Amma dünya 13 yaşlı uşağın xəyallarının, arzularının elə uşaqkən necə puç olmasından xəbərsiz qalacaq… Dünya intihar edən, qoca vaxtında “semiçka”, siqaret satan, balaları yaşasın deyə, bədənini satan, anası xəstəlikdən ölməsin deyə, xəyallarını, arzularını satan cavan, qoca, azyaşlı azərbaycanlılardan xəbərsiz qalacaq. Biz dünyaya bircə, Bakıda keçiriləcək Formula 1 yarışını göstərəcəyik…

P.S. Bir neçə gün əvvəl Formula 1 üzrə yarışın daha 3 il müddətinə Azərbaycanda keçiriləcəyi açıqlandı. Bu yazı isə daha əvvəl – ölkənin gənclər və idman naziri Azad Rəhimovla oğlu Arif Rəhimovun Formula 1 yarışını ilk dəfə Azərbaycana “ürcah edəndə” qələmə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button