Rəcəbovla Məmmədyarov 100 min dollarlıq turnirdə

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5-ci mərhələsinin iştirakçı şahmatçılarının adları açıqlanıb.

Komanda.az xəbər verir ki, turnirdə Azərbaycanı ötən mərhələdə olduğu kimi, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək.

“New in Chess” adlı mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Çempionlar Turunun 5-ci mərhələsinin bütün iştirakçıları: Maqnus Karlsen, Aryan Tari, Yohan-Sebastyan Kristiansen (hər üçü Norveç), Uesli So, Hikaru Nakamura, Lenyer Dominges (hər üçü ABŞ), Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi Azərbaycan), Rameşbabu Praqqnanandha, Vidit Qucrati (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FİDE), Sergey Karyakin (Rusiya), Yan Kşiştof Duda (Polşa), Le Kuanq Lyem (Vyetnam), Qaveyn Cons (Böyük Britaniya).

Turnirin ümumi mükafat fondu 100 000 dollar olacaq. Qalib 30 000 dollar qazanacaq.

Aprelin 24-də start götürəcək yarış mayın 2-də yekunlaşacaq.