Azərbaycan futbolunun qara gecəsindən sonra – “Camaat tarix yazır e…”


Dünən Azərbaycanın əsas və U-21 komandası beynəlxalq arenada növbəti oyunlarına çıxdılar.

Komanda.az xəbər verir ki, əvvəlcə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşdı. Qarşılaşma xorvatların 5:1 hesablı qələbəsiylə başa çatdı.

Daha sonra Azərbaycanın əsas yığması DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşdı və 1:3 hesablı məğlubiyyətlə üzləşdi.

Həm əsas, həm U-21 yığmasının nəticələri ürəkaçan deyil və bu, futbol adamlarının ciddi narazılığına səbəb olur. Dünən baş tutan hər iki matçdan sonra futbol adamları “feysbuk” hesablarında maraqlı paylaşımlar ediblər. Onlardan bəzilərini təqdim edirik:

Araz Əhmədov

“Oyunumuzda xeyli irəliləyiş var. Arxada qalan 15 dəqiqədə qapıya doğru iki təhlükəli zərbə endirmişik (bax – öz qapımıza)”.

Kənan Məstəliyev

“Hazırda Xorvatiya U-21 yığması Premyer Liqadakı, həmçinin 1-ci divizionun anasını ağladan absurd “yeniyetmə limiti”ni fikirləşən və illərdi bunu saxlamağa qərar verənləri yerə vurmaqla məşğuldur”.

Elvin Əhəd

“Xorvatlar futbolumuzun olmayan gələcəyini Sumqayıtda 45 dəqiqəyə basdırdılar…”

Səxavət Qurbanov

“Bir millinin ki son ev qələbəsi 2018-ci ildə ola, ondan başqa nə gözləmək olar?”

Natiq Muxtarlı

“Xorvatların balacalara verdikləri işgəncədən sonra sabiq “böyük qardaşlar”ı serblər böyüklərə qarşı daha humanist davrandılar. Böyük-kiçik yeri bilmək budur ha”.

İlkin Xəlilov

“Elxan Məmmədovun son 15 gündə xərclədiyi maya batdı. Tovuzda, Siyəzəndə uşaqlara top, forma payladı, İsmayıllı azarkeşlərinə vəd, “Xan-Lənkəran”a dəstək verdi, gəl ki, bu “lənətə gəlmiş” yığma komandalar oynayan kimi bütün “raskrutka” heç oldu. Gənclər yığması 5, əsas komanda 3 qol yeyib, AFFA rəhbərliyinin üzünü yenə qara etdi. Serbiya məğlubiyyətindən sonra komandamızın qrupu sonuncu yerdə başa vuracağı da dəqiqləşdi. Məşhur şəkildə olduğu kimi: “opyat dvoyka!”

Səbuhi Səfiyarlı

“Bu Höccət “Sumqayıt”da heç vaxt penalti eləməzdi…”

Saleh Arslan

“Səlhəboviç, (Elxan Məmmədov)…
Sen konuyu zaten biliyorsun, nöqtələri özün tamamlayarsan”.

Səbuhi Musa

“Andorra adlı ölkənin 78 minlik əhalisi bu dəqiqələrdə bayram ab-havasındadır. Bu “cırtdan ölkə” ilk dəfə bir qrupda hansısa futbol komandasını qabaqlayıb. Üstəlik, özü kimi cırtdan olan San Marinoya səfərdə 3:0 qalib gəlməklə tarixlərinin ən böyük hesablı qələbəsini qazanıb. Yeri gəlmişkən, bu san marinolular bizimkilərin də tarixdə ən böyük hesabla (5:1) yendiyi iki komandadan biridir.

Belə-belə işlər. Camaat tarix yazır e…

“Voobşe” bu ikisi bir qrupa niyə düşmüşdü ki? Məsələn, San Marino niyə bizim qrupa düşüb, bizə sevinc bəxş etməyəydi ki, ay UEFA?”

Rəsul Şükürsoy

“Azərbaycan futbolunun gələcəyi ilə Xorvatiya futbolunun gələcəyi oynayır. Optimist bir əmsal verəcəm sizə. Aradakı top fərqini 2,5-ə vurun. Yəni Azərbaycan futbolunu bu gün ağlı başında futbol zehniyyəti əlinə alsa, aradakı fərq 10 ildən az deyil. Sabah daha da pis…”