Vaqif Cavadov: “Hər şey baş məşqçi olmağa doğru gedir” – Müsahibə

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun Komanda.az saytına müsahibəsi:

– Bir müddət əvvəl Qazaxıstan klubu “Turan”dan ayrıldız. Ayrılmağınıza səbəb nə oldu?

– Bəli, klubdan ayrılmışam, hazırda Bakıdayam. Baş məşqçi ailəsi ilə müəyyən problemlər yaşadığına görə klubdan ayrıldı. Mən də onunla gəlmişdim, onunla birlikdə də klubdan ayrıldım.

– Özünüzü baş məşqçi kimi sınamaq istərdizmi?

– Təbii ki, istəyərəm. Hazırda hər şey o yöndədir. Amma çalışmaq, oxumaq lazımdır. Hər şey yaxşılığa və baş məşqçi olmağa doğru gedir.

– Az müddətdə də olsa, Qazaxıstan klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərdiz. Qazaxıstan klubları ilə Azərbaycan klubları arasında hansı fərqlər var?

– Hər bir çempionatda 3-4 iddialı komanda olur. Qazaxıstan çempionatı nəyə görə maraqlıdır? Çünki orada 14 komanda var. Oyun üçün hər bir şəhərə gedirsən, çempionatlar keçirilir. Zəif komandaları da var, lakin çempionatları maraqlıdır. Bu səbəbdən, bizim çempionatla müqayisə etmək çətindir.

– “Turan”dan ayrılmasaydız, hansı azərbaycanlı futbolçunu orada görmək istəyərdiz?

– Onların baş məşqçisi də Azərbaycan çempionatını izləyir, komandaları tanıyır. Azərbaycan millisində olan oyunçuları izləyirlər. “Neftçi” və “Qarabağ” komandalarını demək olar ki, yaxşı tanıyırlar. Baş məşqçinin istədiyi oyunçu olsa, əlbəttə ki, deyərik.

– Hazırda Azərbaycan millisinin qapıçısı Emil Balayev “Turan” klubundadır. Ona hansı məsləhətləri verərdiz daha yaxşı nəticə əldə etməsi üçün?

– Baş məşqçi dəyişsə də, həyat davam edir. Emilin istədiyi baş məşqçi gəldi və getdi. Amma Emil peşəkardır və inanırıq ki, yaxın zamanda öz oyunu ilə əsas heyətdə yer alacaq.

– “Turan”ın şəraiti necə idi? Bizim klublardan daha yaxşı infrastruktura sahibdirmi Qazaxıstan klubu?

– “Turan”ın şəraiti əladır. Bazaları yaxşıdır, meydança təbii ot örtüyü ilə örtülüb, stadion əladır. Hər şey yüksək səviyyədədir.

– Klubun maliyyə durumu necə idi?

– Maliyyə durumu dövlət səviyyəsindədir, şəhər rəhbərliyi maliyyələşdirir. Bildiyim qədəriylə sponsorlar da maliyyələşdirir.

– Bir az da Azərbaycan milli komandasından danışaq. Milli son oyunlarda Malta və Latviyaya uduzdu. Bu qədər bərbad nəticə gözləyirdiz?

– Milli komandadan çox danışmışam… De Byazi milliyə gəldi və ilk oyundan bəlli oldu ki, o, bizim Azərbaycan çempionatını, milli komandanı, futbolçuları heç tanımır, tanımaq da istəmir. Gəldiyi zaman isə deyirdi ki, mən Azərbaycan futbolçularını tanıyıram, böyük potensialları var və s. Lakin biz əksini gördük. Çox istəyərdim ki, hələ gec deyilsə, bu baş məşqçi ilə yollarımız ayrılsın. Amma buna rəhbərlik qərar verir. İnşallah, xeyirlisi nədirsə, o olar. De Byazi bəlkə də, yaxşı məşqçidir, ancaq Azərbaycanda sübut etdi ki, o məşqçi deyil.  

– Millidə yerli baş məşqçi olsa, hər şey düzələr?

– Bu məsələyə mən qərar verə bilmərəm. Lakin düşünürəm ki, millini Azərbaycan, ya da Avropada olan ən yaxşı məşqçilərdən biri çalışdırmalıdır. İnanıram ki, yaxın gələcəkdə bu baş verəcək.

– Azərbaycan Premyer Liqasını izləyirsiz? Keçmiş komandanız “Sumqayıt” uğursuz çıxış edir. Sizcə, uğursuzluğun səbəbi nədir?

– Təbii ki, izləyirəm, “Sumqayıt”ın və digər komandaların oyunlarını görürəm. “Sumqayıt”ın uğursuzluğunun səbəbi bilirsiz nədir? Komanda 4-5 ilə yaxın beş müdafiəçili sistemdə oynadı. Birdən-birə həmin komanda, struktur, futbolçular dəyişmədən sadəcə məşqçilər dəyişdi. Amma əvvəlki məşqçilər beşli müdafiə sistemində oynayırdılar. Bu səbəbdən, futbolçuları da həmin mövqeyə uyğun seçirdilər. Futbolçular illərdir beşli sistemdə oynadıqları üçün hazırda dördlü sistemə keçidə uyğunlaşa bilmirlər. Buna görə də, komanda da hansısa nəticəni qazana bilmir. Lakin yeni baş məşqçiyə vaxt verilsə, yavaş-yavaş “Sumqayıt”ın istədiyi nəticə olacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button