“Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq” – İranlı futbolçular

İran millisinin oyunçuları dünya çempionatının qrup mərhələsinin ikinci matçında Belçika yığması ilə 0:0 hesablı heç-heçədən sonra paltardəyişmə otağında diqqətçəkən bir mesaj buraxıb.

Futbolçuların yazdığı qeyddə İranın Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə edilən hücumda həlak olanlar xatırlanıb. İran mənbələrinin məlumatına görə, ABŞ və İsrailin raket və hava zərbələri nəticəsində 168 uşaq həyatını itirib. Bu iddia İran tərəfindən irəli sürülüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçuların mesajında şərəflə mübarizə apardıqları qeyd olunub:

“Qədim Persiyadan min illər əvvəldən bu günün sivil İranına qədər, ölkənin ruhu yaşayır və dözümlüdür. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Los-Ancelesə qonaqpərvərliyinə görə təşəkkür edirik. Həmçinin, son 180 dəqiqə ərzində ürəyini, səsini və ruhunu İrana verən hər bir iranlıya təşəkkür edirik. Bütün xalqlar arasında sülh, hörmət və dostluq olsun. #168 #Minab”.

İran millisinin turnirdə növbəti oyunu Sietldə (ABŞ) keçiriləcək və rəqib Misir yığması olacaq.

ABŞ-nin daxili təhlükəsizlik naziri komanda ilə bağlı açıqlamasında bildirib ki, İran millisinin bəzi şəxsləri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli insanları ölkəyə gətirməyə cəhd göstərib və bu cür hallar etimad problemi yaradır.

Mundialın qrup mərhələsinin ilk oyununda Yeni Zelandiya millisi ilə də heç-heçə (2:2) edən İran yığması hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button