Azərbaycan cüdoçusu Fransada keçirilən AÇ-də hakim haqsızlığı ilə üzləşdi

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində böyüklər arasında təşkil olunmuş Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub: “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”.

Xatırladaq ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”nin qalibi olub.

Yeri gəlmişkən qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər cüdoçularımızdan Turan Bayramov (hər ikisi 60 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52) da medal qazanmaq şansını erkən itiriblər. Yalnız Yaşar Nəcəfov medal qazanmağa yaxın olub. 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Boqdan Yadova uduzub. Beləliklə, Azərbaycan təmsilçiləri ilk günü mükafatsız başa vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button