ÇL matçı yenə təxirə salındı – texniki məğlubiyyət veriləcək

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) oyunu yenidən təxirə salınıb.

Komanda.az xəbər verir ki, əslində bu qarşılaşma avqustun 19-da keçirilməli idi.

Lakin həmin vaxt “Slovan”ın bir futbolçusunda və bir əməkdaşında koronavirus aşkarlandığı üçün bütün heyət karantinə alınmış və oyun təxirə salınmışdı. Buna baxmayaraq, Bratislava təmsilçisi UEFA-nı razı sala bilmişdi ki, oyun növbəti günlərə təxirə salınsa, gənclərdən ibarət komandanın üzvlərini Farer adalarına gətirib, meydana çıxaracaq. UEFA qarşılaşmanı bu günə təyin etmiş və komandanın meydana əvəzedici heyətlə çıxmasına icazə vermişdi. Bu gün isə əvəzedici heyətdəki futbolçular arasında da koronavirusa yoluxanlar tapıldığı üçün, UEFA-nı oyunu ləğv etmək məcburiyyətində qalıb.

Qitə futbol qurumu tezliklə yekun qərarını açıqlayacaq. Böyük ehtimalla “Slovan”a texniki məğlubiyyət veriləcək və “Klaksvik” 2-ci təsnifat mərhələsində “Yanq Boyz”a (İsveçrə) rəqib olacaq.

Daha öncə Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilməli olan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu koronavirusa görə təxirə salınmışdı. Meydan sahibi komandada analizi müsbət çıxan oyunçular olduğu üçün, Kosovo klubuna texniki məğlubiyyət verilmiş və “Linfild” növbəti mərhələyə adlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button