“Hazırda “Qarabağ”ın məqsədi Avropa Liqasında 1/8 finala vəsiqə qazanmaq olmalıdır” – Açıqlama

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə məğlub olaraq, turnirlə vidalaşdı. İlk oyunda səfərdə rəqibini 2:1 hesabıyla məğlub edən Ağdam təmsilçisi, cavab oyununda bu üstünlüyünü qoruya bilmədi və 0:2 hesabıyla uduzdu. “Qarabağ”ın dünənki oyunu, Çempionlar Liqası ilə vidalaşması azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. “Köhlən atlar”ın uğursuz çıxışı çoxu tərəfindən tənqid olunur.

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev isə Komanda.az saytına açıqlama verərək, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək olduğunu bildirdi:

“Qurban Qurbanova dəstək olmaq istəyirəm. Oyunun videogörüntülərinə baxdım, gördüm ki, “Qarabağ”ın çoxlu qol imkanları oldu, ancaq yararlana bilmədilər. APOEL-də isə cəmi 3, ya 4 epizod oldu, ondan da istifadə etdilər. Bunu deyə bilərəm ki, “Qarabağ”ın bəxti gətirmədi. “Qarabağ” düzgün oyun sərgilədi, sadəcə, imkanlardan yararlana bilmədilər. Bu məğlubiyyətin səbəbini araşdırmaq üçün dərinə getmək lazımdır. İlk növbədə, əsas məsələ “Qarabağ”ın yerli çempionatda rəqibinin olmamasıdır. 5-6 il əvvəl “Neftçi”, “Bakı”, “İnter”, “Qəbələ” kimi klublar var idi, çempionatda qalib olmaq üçün 6-7 namizəd olurdu. Ancaq indi belə deyil, “Qarabağ” hər il çempion olur. Son mövsümdə bir az “Neftçi” nəsə etmək istədi, o da göstərdi ki, yox, “Qarabağ”ın Avroliqada başı qarışdığı üçün boşluqlar olub. Mən bunun günahını AFFA-da, idarəçilikdə görürəm. Çempionatda 8 komanda var. SOCAR tərəfindən pul ayrılıb, regionlara dəstək olmalıdır.

“Qarabağ” dünən maddi baxımdan 5 milyon avro ziyana düşdü. Biri var Avropa Liqasında ortabab klublarla düşüb 1/16, 1/8 finala yüksələsən, biri də var Çempionlar Liqasının qruplarına düşüb, böyükhesablı məğlubiyyət alasan. Hazırda “Qarabağ”ın Avropa Liqasında oynaması daha rahat olar. Hazırda “Qarabağ”ın məqsədi Avropa Liqasında 1/8 finala vəsiqə qazanmaq olmalıdır. İnanın, püşkdə bəxti gətirsə, oyunlara hazırlıq düzgün qurulsa, hətta 1/4 finala yüksələ bilər. Mən “Qarabağ”a dəstək oluram.

Hər zaman demişəm, legioner limiti azaldılmalıdır. Komandaların sayı 12 olmalı, legioner limiti ləğv olunmalıdır. Bu, daha yaxşı olar. Ən azı 8+3 olsun. 12 komanda olsa, AFFA kömək etsə, bu komandalar onsuz da legioner gətirməyəcək. Hər legioneri də gətirmək olmaz. Əcnəbi futbolçu gətirilməmişdən əvvəl araşdırılmalıdır. AFFA tərəfindən maliyyələşdirilən klublar heç olmasa 2-3 legioner gətirə bilməlidir. “Qarabağ”ın oyunlarında bəzən oyunçuların bəziləri kənarda qalır, sonra meydana girəndə isə bir-birlərini başa düşmürlər. Süni şəkildə azərbaycanlı futbolçunu oynatmaq da düzgün deyil. Yerli futbolçu legionerdən nəsə öyrənməli, onunla rəqabət etməlidir. Mən Azərbaycan milli komandasından nəsə nəticə gözləmirəm, ancaq klublarımız ən azı Avroliqada oynayır”.

Şahin Cəfərov