“Bunu bacarsaq, nəticə də istədiyimiz kimi olacaq”

Sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Ramiz Çovdarov federasiyanın rəsmi saytına müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

  • Yeni bir yola çıxırsınız. Komandada vəziyyət necədir?
  • 11 aylıq fasilədən sonra cəmi 10 gündür zalda məşq edirik. Bu baxımdan uyğunlaşmaq çətindir. Verilmiş müddətdən bacardığımız qədər istifadə etdik. Oyuna 100 faiz olmasaq da, hazırıq. Elə etməliyik ki, qələbə ilə başlayaq. Buna potensialımız da, gücümüz də imkan verir.
  • Baş məşqçi müsahibəsində xüsusilə fiziki hazırlıqdan ehtiyat etdiyini vurğulayıb…
  • Razıyam, bu sahədə axsama hiss olunur. Hardasa 90 faiz hazırıq. Üstəlik, heyətimizdə itkilər var. Fineo məşq prosesində zədələndi, Eduardo isə qırmızı vərəqə cəzalısıdır. Bu itkilərdən başqa, Qalo, Bolinya, Rafael və Vassura fərqli çempionatlarda, fərqli baş məşqçilərin rəhbərliyi altında və fərqli taktika ilə oynayırlar. Onlar 3-4 gündür komandaya qoşulublar. Komanda şəklində tam hazır olmaq üçün bu vaxt azlıq edir. Alesionun taktiki baxımdan tələbləri fərqlidir. Ancaq elə edəcəyik ki, meydanda bu özunu büruzə verməsin.
  • Elə pandemiyadan əvvəl son rəsmi oyunu da Slovakiyaya qarşı keçirmisiniz və 3:3 hesablı heç-heçə qeydə alınıb. Slovaklar haqda hansı məlumata sahibsən, baş məşqçi nələrə diqqət etməyinizi istəyir?
  • Xorvatiyada qeydə alınan heç-heçə rəqibə özünəinam verib. Əvvəlki qarşılaşmalarda biz üstün tərəf olmuşuq. Bu dəfə qazanılan nəticə slovaklarda xal qazanmaq baxımından motivasiya yaradıb. Yuxarıda sadaladığım amilləri dəf etsək, 3 xalla başlayacağıq.
  • Onların əsas gücü nədədir?
  • Bəzi oyunçuları var ki, kilid rolunu oynayır. Xüsusilə də kapitanları Tomas Drahovskini qeyd edərdim. İki il əvvəl Bakıda oynadığımız matçda bu futzalçını tamamilə zərərsizləşdirmişdik. Ona görə də hücumları kəsərli alınmırdı. Bu dəfə də çalışmalıyıq ki, öz oyunumuzu oynayaq. Bunu bacarsaq, nəticə də istədiyimiz kimi olacaq.
  • Bu dəfə oyun azarkeşsiz keçiriləcək. Bu amil motivasiya baxımından futzalçılarımıza necə təsir edəcək?
  • Təsir edəcək. Çünki bizim azarkeşlər futzalı sevirlər, hər zaman millini dəstəkləməyə gəlirlər. Bu dəfə mövcud vəziyyətlə əlaqədar zalda olmasalar da, bilirik ki, ekran qarşısında milyonlarla insan bizi izləyəcək. Onların etimadını dogrultmalıyıq.
  • Ümumiyyətlə, millinin yer aldığı qrupu necə dəyərləndirirsən? Avropa çempionatının final mərhələsində iştirakla bağlı seriyanı davam etdirmək mümkün olacaqmı?
  • İki rəqibimiz tanışdır. Moldova və Slovakiya ilə son illərdə tez-tez qarşılaşmışıq. Yunanıstana qarşı isə oynamamışıq, amma onların son çempionu AEK klubu ilə üz-üzə gəlmişik. Millinin 8 üzvü və baş məşqçisi də həmin klubun üzvüdür. Ordakı yenilginin əvəzini çıxmalıyıq. Məncə, birinci yer uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya yığması olacaq. Digər komandalara da hörmətlə yanaşırıq və oyunlarda diqqətli olmalıyıq.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button