“Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi” – Qara Qarayev

“Səfərdə psixoloji cəhətdən daha rahat olacağıq”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev Bakıda Çexiya “Viktoriya”sı (Plzen) ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib.

O, doğma meydanda azarkeşlərin gözləntilərini daha çox hiss etdiklərini bildirib:

“Bəlkə də, bu, bizə bir az mane olur. Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri odur ki, səfərdə rəqib də oynamağa çalışır və hücum etmək, qol vurmaq istəyir. Məncə, komandamızın işi daha da asanlaşacaq. Ümumilikdə stress və ya həyəcanın olacağını düşünmürəm”.

Qarayev ilk qarşılaşmanın gözləniləndən daha çətin keçdiyini deyib:

“Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Lakin qol imkanlarından yararlana bilmədik. Bizim hesabı aça bilməməyimiz rəqibi daha sıx oynamağa məcbur etdi. Öz üzərimizə düşəni etdik. Komanda olaraq yaxşı mübarizə apardıq.

Azarkeşlərin bizdən gözləntilərini bilirik. Səfərdə oynasaq da, yaxşı nəticə üçün meydana çıxırıq. Çexiyada qələbə üçün oynayacağıq”.

Avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək cavab matçı saat 23:00-da başlayacaq.