“Bu rəqibi keçmək olardı” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abbasov, 0:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

  • Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Rəqib asan qollar vurdu. Gözlədiyimiz hücumdan qol buraxdıq. İkinci qolu da tez buraxdıq və nəticəni dəyişə bilmədik. Sanki bir qol vura bilsəydik, çevriliş edə bilərdik. Elə komandayıq ki, bura çətinliklə gəlib çatmışdıq. Üçüncülüyü qazanmaq bizim üçün çətin idi. Komanda inkişaf edir. Səhvlərimiz var və onları düzəltməyə çalışırıq. Belə oyunlarda təcrübə lazımdır. Bu rəqibi keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün bitdi, lakin ruhdan düşməyəcəyik. Daha da istəkli olmalıyıq. Qarşıda bizi çətin marafon gözləyir. Avropada ilkə imza atacağıma inanırdım, əfsuslar olsun ki, alınmadı. Heyətimizin güclənməyə ehtiyacı var. Bəzi mövqelərdə çatışmazlıqlar var. Önümüzə baxacağıq.
  • Transferlər edə bilməməyinizə görə təəssüf hissi keçirirsizmi?
  • Xeyr, transfer məğlubiyyətə səbəb deyil. Bu il heyətimizi qoruya bildik. Çempionat bitəndən sonra bir çox futbolçumuza təklif var idi. Bizim öz yolumuz var. Biz Muradın, Süleymanın, Rüfətin qabağını kəsmək istəmirik. Bu oyunçuların inkişafını istəyiriksə, səbrli olmalıyıq. Gedib kimisə gətirə bilərik, lakin planlarımız var. Yerli futbolçularımızın inkişafını istəyirik. Gedib qıraqdan 10-11 futbolçu gətirəcəyiksə, bəs bu uşaqlar necə oynayacaq? Biz bu gün gənclərin qabağını kəsmək istəmirik. Qısa zamanda transfer etmək çətindir.
  • Oyuna yenidən başlasaydız, yenidən bu taktika ilə oynayardız?
  • Futbol haqda çox danışmaq olur. Lakin elə bir situasiya yaşanır ki, hər şey bir anda məhv olur. İlk oyundan sonra çox suallar verildi. Cavab matçında ancaq hücumda oynamışıq. Məqsədimizə çatmaq üçün risk etməliyik. Oyunun ilk 10-15 dəqiqəsi bizim üçün gözlənilməz oldu. Başqa taktika seçə bilərdim, ancaq istəyirdim futbolçular sərbəst oynasınlar. Yaxşı şeylər etdik, ancaq bu, nəticə üçün kifayət etmədi. Bəzi oyunçular bir az daha böyüməlidir.

Şahin Cəfərov