Bu iki mütəxəssisdən biri “Kəpəz”in baş məşqçisi olacaq!

Baş məşqçi Yaşar Vahabzadə ilə yollarını ayıran “Kəpəz”in keçmiş çalışdırıcısı Şahin Diniyevlə anlaşa bilmədiyini xəbər vermişdik. Gəncə təmsilçisi hazırda yeni baş məşqçi axtarışındadır. Komandanı isə müvəqqəti olaraq Xaliq Mərdanov çalışdırır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz”in “sükanı arxasına” keçməyə iki əsas namizəd var. Klub rəhbərliyi hazırda komandanın keçmiş futbolçusu Azər Məmmədovla “Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Tərlan Əhmədovun namizədliyi üzərində düşünür. “Kəpəz”də daha çox Məmmədovun namizədliyinin dəstəkləndiyi də deyilir. Hətta Azər Məmmədov Premyer Liqanın 5-ci turunun sentyabrın 1-də Qəbələdə keçirilən “Kəpəz” – “Qarabağ” matçını (0:1) da stadiondan izləyib.

Azər Məmmədov futbolçu kimi uzun illər “Kəpəz”də forma geyinib. O, bir müddət klubun əvəzedici komandasının baş məşqçisi də olub.

Tərlan Əhmədovun isə Premyer Liqada baş məşqçi kimi təcrübəli olması onun Gəncə təmsilçisinin “sükanı arxasına” keçməsinə kömək edə bilər. Azərbaycan millisinin keçmiş müdafiəçisi “Neftçi”də və “Keşlə”də baş məşqçi kimi çalışıb.

“Kəpəz” cari mövsümdə Premyer Liqada keçirdiyi bütün oyunlarda uduzub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button