“Bavariya” çətinliklə də olsa, 1/4 finalda

Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

“Bayer” səfərdə “Haydenhaym”la qarşılaşıb. Bundesliqa klubu aşağı liqa təmsilçisinə məğlub olaraq, mübarizəni dayandırıb. “Duysburq” da “Paderborn”a doğma meydanda boyun əyib. “Hamburq” – “Nürnberq” görüşündə meydan sahibləri minimal hesabla üstün olublar. Günün ən maraqlı gözlənilən qarşılaşması isə Dortmund “Borussiya”sı ilə “Verder” arasında keçirilib. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1, 3:3). Dortmundlular penalti seriyasında məğlub olmaqla 1/4 finala yüksələ bilməyiblər.

Son oyun günündə “Auqsburq” səfərdə “Holştayn”ı, “Leyptsiq” isə doğma meydanda “Volfsburq”u minimal hesabla üstələyərək, növbəti mərhələyə yüksəlib.

“Şalke” “Fortuna” ilə qarşılaşmada darmadağına imza atıb. Səfərdə “Herta” ilə qarşılaşan “Bavariya” isə çətinliklə mərhələ adlayıb. Münhen klubu əsas vaxtı 2:2 hesabıyla bitən bu görüşün yalnız əlavə vaxtında qələbə qolunu vuraraq, 1/4 finala vəsiqəni təmin edib.

Almaniya Kuboku, 1/8 final

5 fevral

Haydenhaym – Bayer 2:1

Hamburq – Nürnberq 1:0

Borussiya (Dortmund) – Verder 3:3 (penaltilər 2:4)

Duysburq – Paderborn 1:3

6 fevral

Holştayn – Auqsburq 0:1

Leyptsiq – Volfsburq 1:0

Şalke – Fortuna 4:1

Herta – Bavariya 2:3