Bordin: “Yaramızı sağaldıb, ayağa qalxmışıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 8-ci turunda “Zirə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bordin, 3:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

  • Bütün oyunçularımı bu oyuna görə təbrik edirəm. Bu gün oyuna ciddi yanaşdılar. Əvvəlki 2 oyunda qələbə qazanmışdıq. Bunun davamını gətirmək vacib idi. Bu qələbə bizə turnir cədvəli baxımından da vacib idi. Bütün oyunçular sona qədər yaxşı oyun göstərdilər, onlardan razı qaldım. Oyuna sonradan daxil olanlar da yaxşı qoşuldular. Çox təəssüflənirəm ki, Rauf və Platellas 100 faizlik qol imkanından yararlana bilmədilər. Bu qola layiq idilər. Səhvlərimizdən biri o idi ki, 2-ci qolu tez vura bilmədik. 2-ci qol üçün risklər aldıq, qapımızda qol da görə bilərdik. İkinci qoldan sonra rəqib daha da açıldı və bu, bizim xeyrimizə oldu.
  • “Neftçi” 3 qol vursa da, qaçırılan imkanlar da çox idi…
  • Əsas odu ki, təhlükəli məqamlar yarada bilirik. Hesab 2:0 olandan sonra futbolçular fərqli qollar vurmaq istəyirdi. Bu səbəbdən konsentrasiya pozğunluğu yaranırdı. Qaçırılan şansların bununla bağlı olduğunu düşünürəm.
  • Rauf Əliyevin çıxışından razı qaldız?
  • Oynadığı 15 dəqiqə ərzində məni qane etdi. İşlədi, çalışdı. Bir epizodu da var idi, qapıya vurdu, ancaq tora düşə bilmədi. Ona sadəcə, bir qol çatışmadı.
  • Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarını neçə faiz sağaldıb?
  • Hazırda bunu faizlə deyə bilmərəm. Ancaq bu 3 oyunda qələbə qazandıq və bunu baza götürərək, irəli addım atmalıyıq. Yaramızı sağaldıb, ayağa qalxmışıq. Daha da yaxşı olacağıq.
  • Soni Mustivar və Donald Gerye nə üçün heyətdə yox idi?
  • Hər iki oyunçu milli komandasında kifayət qədər oynayıb və uzun yol gəliblər. 2 gün əvvəl qoşulublar bizə və bir məşq ediblər. Yorğunluqdan və zədələnmək ehtimalı olduğu üçün heyətdə yox idilər.
  • Çempion olmağınız üçün “Qarabağ” xal itirməlidi. Buna görə əsas rəqibinizə uğursuzluq arzulayırsızmı?
  • Biz hər gün özümüzü və öz oyunumuzu düşünürük. Rəqiblərdən asılı olmayaraq, qələbə qazanmaq istəyirik. Hamımız öz evimizə baxmalıyıq. Oyundan-oyuna nəsə deyə bilərəm. Sonluq haqda heç nə deyə bilmərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button