“Bizi sevənləri üzdüyümüz üçün məyusuq” – Çağlar Söyüncü

Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Çağlar Söyüncü AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İsveçrə yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu vəziyyətdə olduğumuz, xalqımızı, bizi sevənləri üzdüyümüz üçün məyusuq. Sabah İsveçrə ilə matçda qələbə qazanmalıyıq. 1/8 finala çıxsaq da, qrupda qalsaq da, meydanı 3 xalla tərk etmək istəyirik. Hamımız pis oluruq, amma İsveçrə ilə oyun bizim üçün yeni şansdır. Komanda şəklində yaxşı müdafiə olunmalıyıq. Təbii ki, 2 oyuna 5 qol buraxmaq yaxşı deyil. Hər matçdan sonra səhvləri analiz edirik. Hətta yaxşı oynadığımız oyunlardan sonra da səhvlərimizi müzakirə edirik. Heç kim oyunların belə bitməsini istəməzdi. Hazırda əsas diqqətimiz sabahkı oyundadır”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçına saat 20:00-da start veriləcək.