
“Bizdə qruplaşmalar yoxdur” – İsayev
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Zirə” səfərindən 3:1 hesablı qələbə ilə dönən “Sabah”ın aparıcı futbolçusu Aleksey İsayev matçdan sonra təəssüratlarını bölüşüb.
Komanda.az xəbər verir ki, futbolçu “Sabah”ın mətbuat xidmətinə danışıb.
Qarşılaşmada üç məhsuldar ötürmə verən və mövsümdəki asist sayını 6-ya çatdıran yarımmüdafiəçi azarkeşlərin ona “Sehrbaz” ləqəbi verməsinə təvazökar yanaşıb:
“Mən sadəcə Sibirdən olan sadə oğlanam. Təşəkkür edirəm. Əsas odur ki, komanda qazandı. Hər zaman komanda yoldaşıma ötürmə verməyə şad oluram. Deyəsən, bundan qol vurmaqdan daha çox həzz alıram. Göründüyü kimi, məndə ötürmə vermək qol vurmaqdan daha yaxşı alınır. Hər şey komanda üçündür”.
Təcrübəli futbolçu komandadakı uğurlu ab-havadan və futbolçular arasındakı anlaşmadan da danışıb:
“Hər gün məşq edirik, məşqçinin tapşırıqlarını yerinə yetiririk, bir sözlə, dayanmadan çalışırıq. Kollektivimiz əladır, aramızda əla anlaşma var. Bazada hamımız birlikdə ünsiyyət qururuq. Bizdə hansısa qruplaşmalar, ayrılıqlar yoxdur. Çalışırıq ki, bir-birimizdən fransız, Azərbaycan, ispan, rus dillərində sözlər öyrənək. Biz bir ailə kimi olmağa çalışırıq”.
Bizi Facebook-da izləyin



