“Qarabağ” “Riqa” deyil” – “Dandalk”ın baş məşqçisi

İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları ilk oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İrlandiya mətbuatına danışan Pert, “Qarabağ”ın güclü rəqib olduğunu deyib:

“Qarabağ” bizim son mövsümlərdə avrokubokların təsnifat mərhələsində qarşılaşacağımız ən güclü komandadır. Onların futbolçuları çox sürətli və texnikalıdır. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Bu baxımdan çox güclü komandadır. “Qarabağ” “Riqa” deyil. Oyuna yüksək konsentrasiya ilə çıxırlar və axmaq səhvlərə yol vermirlər. Məncə, əsas amil də budur.

“Qarabağ” həqiqətən mürəkkəb rəqibdir. Ancaq Azərbaycanda mövsüm hələ başlamayıb, komanda yalnız avrokuboklarda rəsmi oyunlar keçirib. Bizdə isə çempionat davam edir. Futbolçularımız lazım olan məqamlarda sürəti qaldıra bilirlər. Biz bunu yenidən etməliyik”.

“Dandalk” – “Qarabağ” matçı iyulun 24-də, saat 22:45-də başlayacaq. Komandalar arasındakı cavab matçı avqustun 31-də olacaq.