“Həmin vaxt gedib fəhlə işləsəydim, daha çox maaş verərdilər, nəinki o klubda” – Müsahibə

Bir vaxtlar “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edən, Azərbaycan yığmasında 4 oyun keçirən və hazırda “Kəpəz”in uğurları üçün çalışan Nodar Məmmədovun Komanda.az saytına müsahibəsi:

  • Nodar, əvvəlcə “Kəpəz”in Azərbaycan kubokundakı çıxışı ilə bağlı fikirlərini bilmək istərdim.
  • 1/8 final mərhələsindəki “Sabah”la oyun bizim üçün çox ağır oldu. Çünki cütün taleyi bir oyundan asılı idi. Amma şükürlər olsun, istəyimizə çatdıq. Özünüz də bilirsiz ki, komanda əsasən gənclərdən ibarətdir. 4-5 təcrübəli futbolçularımız var, qalanı isə gənclərdir. “Keşlə” ilə matç iki mərhələdən ibarət olduğu üçün istəyirdik ki, ilk oyunda yaxşı nəticə qazanaq. Əlimizdən gələni etdik, hələ heç nə bitməyib. Cütün taleyinə Gəncədə aydınlıq gələcək.
  • “Sabah” üzərində qələbəniz gözlənilməz oldu. Bu uğurun qarşılığında mükafat oldumu?
  • Bəli, mükafat verdilər.
  • Məbləği öyrənmək olar?
  • Məbləğin qədərini məndən yox, klubun mətbuat xidmətindən soruşun (gülür).
  • Onda “Keşlə” ilə növbəti oyunda qələbə qazanıb, növbəti mərhələyə adlasaz, yenə mükafat olacaq.
  • Bəli, söz veriblər ki, mükafat olacaq, lakin məbləği vallah, bilmirəm nə qədərdir.
  • Karyeran ərzində “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Xəzər Lənkəran” kimi komandalarda çıxış etmisən. 32 yaşın var və indi “Kəpəz”də – 1-ci diviziondasan. Birdən-birə nə oldu ki, hətta milli komandada oynamış Nodar divizion klubuna keçdi?
  • Dediyiniz komandalarda olarkən Premyer Liqada klub sayı 10 idi və xarici məşqçilərin rəhbərliyi altında oynayırdım. Sonra bu 10 komandanın ikisi getdi, qaldı 8 komanda. Vallah, heç özüm də bilmədim nə olduğunu. “Xəzər Lənkəran”dan sonra ya divizionda oynamalı idim, ya da karyeramı bitirməliydim.
  • Premyer Liqa klublarından sənə maraq göstərən olmadı deyə diviziona getməyi seçdin?
  • Bunu məndən yox, Premyer Liqa klublarındakı məsul şəxslərdən soruşun. Bir komanda var idi, mənə ayda 300 manat qazanacağım müqavilə təklif etmişdi. Sizcə, ailəli adam ayda 300 manata nə edə bilərdi?
  • Hansı klub idi?
  • Adını çəkmək istəmirəm. Həmin vaxt gedib fəhlə işləsəydim, daha çox maaş verərdilər, nəinki o klubda. Buna görə də, Premyer Liqada oynamaq istəmədim.
  • Hazırda Premyer Liqa klublarında oynamış futbolçular klubsuz qalanda diviziona getməyi yox, karyerasını bitirməyi düşünür. Sən bu fikirdə olmamısan?
  • Xeyr. Düzdür, futbolla vidalaşmağı bir anlıq düşünmüşdüm, lakin futbola olan sevgim məni bu fikirdən döndərdi.
  • İndi “Kəpəz”də hansı məbləğə oynayırsan?
  • Şükür, dolanmağa bəs edir, bir az əziyyət çəkirəm, ancaq buna da şükür.
  • Məbləğ 1000 manatdan yuxarıdır, ya aşağı?
  • Aşağıdır, qardaş.
  • Hazırda harada yaşayırsan?
  • Gəncədəyəm.
  • Bakı üçün darıxmırsan?
  • Bakı üçün yox, amma ailəm üçün darıxıram.
  • Nodar, Azərbaycan milli komandasında da 4 oyun keçirmisən. Milli karyeran nə üçün az çəkdi?
  • Gənc yaşlarımdan arzum idi ki, millidə oynayım. Bu, hər bir azərbaycanlı futbolçunu arzusudur. Millidə olmaq başqa bir hissdir, onu sözlə ifadə etmək mümkün deyil. Nə üçün tez bitdiyini bilmirəm.
  • Milli komandanın hazırkı durumu haqda nə deyə bilərsən?
  • Hazırda yığmada sayılıb-seçilən futbolçular var. Onlar da əllərindən gələni edirlər ki, milli yaxşı çıxış etsin.
  • Sənin dövründəki yığma ilə indiki arasında nə kimi fərq var?
  • O vaxt millidə oynamaq çətin idi. Özünüz də bilirsiz ki, o vaxt yığmada kimlər var idi: Rəşad Sadıqov, Fərhad Vəliyev, Rail Məlikov, Branimir Subaşiç, Mahir Şükürov, Saşa Yunisoğlu, Aleksandr Çertaqanov, Usim Nduka və s. Lakin indiki heyət gəncdir.
  • Heyətin gənc olması üstünlükdür, ya necə?
  • Tam gənc olması da yaxşı deyil. Cavan oyunçuların yanında təcrübəlilər də olmalıdır. Çünki gənclər böyüklərin yanında “bişir”.
  • Artıq dörd ildir ki, diviziondasan. Yəqin Premyer Liqa oyunlarını da izləyirsən. Sənin vaxtından bu yana yüksək liqada nə kimi dəyişiklik var?
  • Qardaş, çempionatda geriləmə var. Bu, həm də milliyə təsir edir. Premyer Liqada 8 komanda var, hər komandada 5 yerli futbolçu var və hesablayanda 40 azərbaycanlı futbolçu edir. Bunlardan da 26-sı milliyə seçilər, ya seçilməz. Komanda sayı çox olsa, seçim də artar, inkişaf da olar.
  • Hər il “Kəpəz” və “Turan Tovuz”un Premyer Liqaya yüksələcəyi deyilsə də, dəyişən bir şey yoxdur. Problem klublardadır, yoxsa futbola rəhbərlik edən şəxslərdə?
  • Biz futbolumuzu oynayırıq, bu haqda nəsə deyə bilmərəm.
  • Sosial mediada “Kəpəz”də baş məşqçi Yaşar Vahabzadənin Mahmud Qurbanovla əvəz olunacağı yazılır. Bu haqda nə düşünürsən?
  • Bu tip məsələlərdə birbaşa klub rəhbərliyi qərar verir. Bu sualı onlara yönləndirsəz, yaxşı olar.
  • 32 yaşın var və diviziondasan. Karyeran haqda nə fikirləşirsən? Yenidən Premyer Liqada çıxış edə bilərsən?
  • Hər şey birinci Allahın, sonra mənim əlimdədir. Yaxşı formada olsam, niyə də olmasın? 32 yaş o yaş deyil ki, futbolu bitirəsən. İnşallah, hər şey yaxşı olar.
  • “Kəpəz” Premyer Liqada çıxış etsəydi, hansı yerlər üçün mübarizə aparardı?
  • Real baxsaq, bu heyətlə çətin olardı. Çünki görürsən ki, indi kubokda 2-3 oyun bütün gücümüzü qoya bilirik, başabaş oynamaq olur. Lakin Premyer Liqada olanda 28 oyun oynamalısan. Buna görə də, heyətdə heç olmasa, 5-6 təcrübəli futbolçu olmalıdır ki, buna tab gətirə biləsən.
  • Divizion klublarında heyətin 70-80 faizi gənclərdir. Bir zamanlar millidə forma geyinən Nodar üçün divizionda oynamaq çox asan deyil? Loru dildə desək, oyunları rahat yola vermək olur?
  • Xeyr, divizionun da öz çətinlikləri var. Divizionda elə komandalar var ki, Premyer Liqa klubları ilə başabaş mübarizə apara bilər. Bunu kubok oyunlarında da görürük. Diviziondakı klublar da yüksək liqa iştirakçılarına çətinlik yarada bilərlər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button