De Byazinin Türkiyədə “itkin düşən” sevimlisi Yazı+Fotolar

Bir vaxtlar Azərbaycanın ən istedadlı futbolçularından hesab olunan Araz Abdullayev hazırda Türkiyənin “Boluspor” klubunda çıxış edir.

28 yaşlı yarımmüdafiəçi 2020-ci ilin sentyabrından 1-ci liqa təmsilçisinin uğurları üçün çalışır. Azərbaycan yığmasında da 40 oyun keçirən və üç qol vurmağı bacaran Abdullayev “Boluspor”un uğur qazanmasına kömək edə bilirmi?

Abdullayev bu mövsüm “Boluspor”la Türkiyə kubokunda 1, 1-ci liqada isə 10 oyunda meydana çıxmaq şansı qazanıb, lakin hələ qol hesabını aça bilməyib. Araz bu matçların 6-da əsas heyətdə yer alıb, 5-də isə sonradan meydana daxil olub. O, bu qarşılaşmalarda nəinki qol vurub, heç məhsuldar ötürmə də edə bilməyib. Faydalı iş əmsalı 0-a bərabər olan Arazın bu qeyri-sabit çıxışı onun Türkiyə klubundakı gələcəyini sual altında saxlayır. “Boluspor” Arazla 1+1 şərti ilə müqavilə imzalayıb.

Araz hələ Türkiyəyə getməzdən əvvəl bir müddət klubsuz qalmışdı. Yarımmüdafiəçi, futbolsuz qalmasına baxmayaraq, Azərbaycan yığmasında baş məşqçi postuna yenicə təyin olunmuş Canni De Byazinin necəsə “gözünə girmiş” və milliyə çağırılmışdı. Təsadüfi deyil ki, italyan mütəxəssis Abdullayevə millinin oyunlarında da şans vermişdi.

“Neftçi”nin yetirməsi olan Araz 19 yaşında İngiltərənin köklü klublarından olan “Everton”un diqqətini cəlb etmiş və Premyer Liqa klubuna keçmişdi. Azərbaycanlı futbolçu mersisaydların əsas komandasında debüt edə bilməsə də, U-21-lə bir neçə oyuna çıxmağa müvəffəq olub. Lakin Abdullayevin İngiltərə karyerası erkən bitdi və “Neftçi”yə qayıtdı. Dörd il “ağ-qaralar”ın şərəfini qoruyan Arazın növbəti ünvanı isə “Qəbələ” olacaqdı. Qəbələ təmsilçisində cəmi 9 oyun keçirən futbolçu, 2017/18 mövsümünü icarə əsasında “Anortosis”də (Yunanıstan) keçirib. Daha sonra sözügedən ölkənin “Panionios” klubuna transfer olunan Araz, nədənsə Yunanıstanda qalmaq fikrindən daşınıb və yeni klubunda debüt etməmiş Azərbaycana – “Qarabağ”a qayıtmışdı.

Araz Abdullayev həm meydanda, həm də meydandan kənarda diqqətdə qalmağı bacarır. Millinin üzvü futboldan əlavə, həm də, avtomobilə olan həvəsi ilə də tanınır. Belə ki, o, “Qarabağ”da olarkən avtomobilini yüksək sürətlə sürmüş və bunu sosial şəbəkə hesabında paylaşmışdı. Klub rəhbərliyinin sərt reaksiyasından sonra Araz videonu “instagram” hesabından silməli olmuşdu. Yeri gəlmişkən, Abdullayev 21 yaşında “Nissan” markalı avtomobili ilə yolu təmizləyən iki süpürgəçi qadını vurmuş və onlardan biri hadisə yerindəcə vəfat etmişdi. Araz Abdullayev hadisədən sonra saxlanılsa da, sonradan azadlığa buraxılmışdı.

“Boluspor”un Türkiyə 1-ci liqasında bundan sonra 14 oyunu qalıb və komanda turnir cədvəlində 13-cü sıradadır. Araz qarşıdakı oyunlarda qol, ötürmə hesabını aça bilməsə, onun üçün Türkiyə macərası da erkən bitə bilər. Hazırda 28 yaşı olan futbolçunun bundan sonra karyerasında yüksəlişə keçəcəyi, iddialı klublarda yer alması da sual doğurur. Araz bu şəkildə davam etsə, onu yenidən Azərbaycan Premyer Liqasında – “Keşlə”də, “Səbail”də və ya digər komandalardan birində görə bilərik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button