Azərbaycan Premyer Liqası Avropada 3-cü oldu

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın müxtəlif çempionatlarında futbolun nə qədər aqressiv olmasıyla bağlı araşdırıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, araşdırmalar 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib.

Azərbaycan Premyer Liqası intizamsızlığa görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Bunların 5,47-si sarı, 0,32-si isə qırmızıdır. Azərbaycan Premyer Liqası Avropada bu göstəriciyə görə Ukrayna və İtaliyadan sonra 3-cüdür.

Azərbaycan Premyer Liqasında ən intizamlı komanda lider “Qarabağ”dır. “Köhlən atlar”ın hər oyununa ortalama 2,00 vərəqə düşür. Bunların 0,6-sı qırmızı, 1,94-ü sarıdır. Ən intizamsız isə “Sumqayıt”dır. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda hər oyuna ortalama 3,65 vərəqə alıb. Bunların 0,18-i qırmızı, 3,47-si isə sarıdır.

Siyahının ilk pilləsində Boliviya çempionatı yer alıb. Burada ortalama hər oyuna 7,01 vərəqə düşür. Bunların 0,48-i qırmızı, 6,53-cü isə sarı vərəqədir.