“Bavariya”da Levandovski şoku

DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Polşa – Andorra matçında zədələnən Robert Levandovski bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Bavariya”nın mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu polşalı forvardın ətraflı tibbi müayinədən keçdiyini və onun diz bağlarında gərilmə aşkarlandığını açıqlayıb. 32 yaşlı futbolçu zədə səbəbindən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Polşa yığması martın 31-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərə ilə qarşılaşacaq. Levandovski həm bu matçı, həm də “Bavariya”nın qarşıdakı vacib oyunlarını buraxmalı olacaq.

Xatırladaq ki, polşalı futbolçu Andorraya 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Bu görüşdə dubla imza atan forvard ilk turda Macarıstanla səfər matçında (3:3) da 90 dəqiqə oynamış və 1 qolla yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button