Bakı kubokunun qalibləri bəlli oldu

Mayın 4-6-da trek velosipedinin omnium növü üzrə Bakı kuboku keçirilib.

Komanda.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.

Ümumilikdə 37 velosipedçi ilk yarış günündə skreç və tempo növləri, ikinci yarış günündə isə çıxmaqla və xallar üzrə qrup ötüşmələrində mübarizə aparıblar.

Omnium yarışının qaydalarına görə, nəticələr bütün növlər üzrə xalların cəminə əsasən müəyyənləşdirilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Yusif İsmayılov (ROEQİUGVM, 55 xal) bütün rəqiblərindən üstün olaraq birinci, Ömər Musayev (ROEQİUGVM, 54 xal) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM, 53 xal) üçüncü yerə layiq görülüblər.

Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 113 xal) hamıdan çox xal toplayaraq qızıl, Rəvan Tahirov (ROEQİUGVM, 76 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 43 xal) bürünc medal qazanıb.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 81 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 66 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 44 xal) üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button