“Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

“Qarabağ”ın müdafiəçisi və kapitanı Rəşad Sadıqov bu gün Azərbaycan Dillər Universitetinin qonağı olub.

Komanda.az xəbər verir ki, universitetin idman jurnalistikası müəllimi Sənan Şəfizadənin dəvəti ilə “Futbolumuz və jurnalistikamız” mövzusunda dəvət edilən futbolçu, çıxış edərək, bunları deyib:

“Bu görüşə gəldiyiniz üçün minnətdaram. Çox vacib oyunlardan qabaq danışmağı sevmirəm, çalışıram suallardan qaçım. Ayın 24-də Avropa Liqasının qrup mərhələsində vacib oyuna çıxacağıq. İndi nəsə deyərəm, sonra edə bilmərəm (gülür)”.

“Köhlən atlar”ın müdafiəçisi verilən sualları cavablayaraq, karyerasındakı maraqlı anlardan danışıb:

“Hər zaman öz komandalarımıza, millimizə azarkeşlik etməyin tərəfdarıyam. Öz komandalarımızı qoyub, xarici klublara azarkeşlik etməyi qəbul edə bilmirəm. İtaliya “İnter”ylə oyundakı (0:0) sayılmayan qol epizodu karyeramın ən ağır saniyələri idi. Bəlkə də, ən çox sevindiyim qol bu idi. Hələ də özümü günahlandırıram ki, niyə hakimin oyunu başlamasına icazə verdim. Ən azı topu götürə bilərdim, etiraz edə bilərdim və s. Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm.

“Real” Çempionlar Liqasında bəzən 2-3 ispan futbolçuyla oynayır, amma bunu qabardan, buna etiraz edən olmur. Amma “Qarabağ”ın heyətində 5-6 yerli futbolçu çıxış edəndə, tərifləyən, sevinən də olmur. Bu gün avrokuboklarda yerli futbolçularla çıxış etmək çətindir. Bunu hamı bilir.

Düşünürəm ki, karyeram iki hissədən ibarətdir: “Qarabağ”dan əvvəl və “Qarabağ”dan sonra. “Qarabağ”a gəlməmişdən əvvəl mən sadəcə futbolçu idim, kluba gəldikdən sonra isə bu, təkcə futbolçu karyerası olmadı. Hər zaman Qarabağ məsələsinin ağırlığını hiss edirəm. Hər zaman istəmişdim ki, ən azı bir il də olsa, bu klubun şərəfini qoruyum. Amma elə oldu ki, karyeramın ən parlaq illərini burda keçirdim. Bu formanı geyinmək mənim üçün böyük şərəfdir. Bu formanı geyinəndə, sanki artıq əsgər forması geyinirsən, insanda belə hiss yaranır. “Rusenborq”la oyun “Qarabağ”ın avrokuboklardakı uğurlarının başlanğıcı olduğu kimi, mənim də karyeramda dönüş nöqtəsi oldu. Həmin vaxt karyeramda çətin vaxtlar idi. “Neftçi”dən qovulmuşdum, heç bir klub məni transfer etmək istəmirdi. Elə oldu ki, “Qarabağ”a keçmək şansım yarandı. Elə həmin oyunla da hər şey sanki yenidən başladı”.

Futbolçu, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda (1:4) dronla qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağının açıldığı epizod haqqında da danışıb:

“Həmin epizodda çox qarışıqlıq oldu. Baş məşqçimiz Qurban Qurbanov çox əsəbi davrandı. Eyni zamanda, bizi sakitləşdirməyə çalışdı. Oyunun hakimi 10 dəqiqəyə bizə matça başlamağımızı dedi. Amma biz oyuna başlamayacağımızı, o parçanın meydana enməməsinin lazım olduğunu dedik. Bu hərəkət ucuzluqdan başqa bir şey deyil. Biz oyunumuzla cavab verməyə çalışdıq, sevinirik ki, həmin oyunda qələbə qazana bildik. Onlar etdikləri ilə heç nəyə nail olmadılar. O vaxt nail olardılar ki, o bayraq meydanın ortasına sancılardı”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button