“Bəxtimiz gətirdi” – Azərbaycan millisinin baş məşqçisi

“İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov AÇ-2026-nın əsas mərhələsinin püşkü barədə federasiyanın saytına danışarkən deyib.

Mütəxəssis bu gün istənilən komandanın digərinə müqavimət göstərməyi bacardığını bildirib:

“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onlarda futzal son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək”.

Baş məşqçi hər şeyin onlardan asılı olduğunu vurğulayıb:

“Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güclü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. Təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güclü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.

Azərbaycan millisi AÇ-2026-nın əsas mərhələsində 5-ci qrupda İsveç, Yunanıstan və Xorvatiya ilə üz-üzə gələcək. Turnirin final mərhələsi Latviya və Litvada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button