
Azərbaycanın Premyer Liqa klublarının 2,5 milyon manat qorxusu
AFFA-nın son Hesabat Konfransında elan edilən qərarlardan biri bu idi ki, bundan sonra Premyer Liqa klublarına ayrılan maliyyə vəsaitinin məbləğində artım olmayacaq. Əksinə, dövlət tərəfindən klublara ayrılan mövsümlük maliyyənin məbləğində azalma olacaq. İndiyədək bu məbləğ hər klub üçün 3 milyon manat idisə, bundan sonra 2,5 milyon manat olacaq. Bu isə Premyer Liqada komanda sayının artırılması ilə bağlıdır. 30 milyon manata daha iki “şərik” çıxınca, 3 milyon manat avtomatik olaraq 2,5 milyon manata çevrilir.
AFFA-nın yeni mövsüm üçün anonsunu verdiyi bu qərar Premyer Liqa klublarından bəzilərini, xüsusən də, maliyyə dayaqları zəif olanları narazı salıb. Komanda.az-ın əldə etdiyi məlumata görə, artıq bəzi klublardan bununla bağlı AFFA-ya müraciət edənlər də var. Onlar 2,5 milyon manatın az olduğunu düşünürlər və birtəhər tapılan, maliyyə problemlərinin həllində kefləri istədikləri vaxt hərəkət edən sponsorların ümidinə qalmaqdan narahatdırlar.
Xüsusən də, sponsoru olmayan “Şamaxı” maliyyə yardımının 3 milyondan 2,5 milyon manata qədər azaldılacağı xəbərdarlığından ən çox narahat olan klublardan biridir. Bölgə klubunda yaxşı başa düşürlər ki, bu, sponsoru olan digər komandalarla rəqabətdə onlar üçün ciddi zərbə ola bilər. Buna görə də, “Şamaxı”nın maliyyə vəsaitinin azaldılmaması üçün daha çox canfəşanlıq etdiyi deyilir.
Amma böyük ehtimalla, AFFA-nın konfransında elan edilən xəbərdarlıq reallığa çevriləcək. Premyer Liqada komanda sayı artırılıb deyə, SOCAR-ın (dövlətin) maliyyə vəsaitini artıracağı inandırıcı görünmür.
Uğur
Bizi Facebook-da izləyin



