Azərbaycanın 4 güləşçisi Avropa çempionatının finalında!

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib – 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb – 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. İbadov həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb – 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fəraim final yolunda ukraynalı Maksim Çubenkoya da tam üstünlüklə qalib gələrək (9:0) finala vəsiqə qazanıb. Mustafayev həlledici görüşdə erməni Hayk Lyudviqyanı da məğlub etsə, titulunu qoruyacaq.

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib – 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparıb. Rəqibini “tuşe” ilə yolundan kənarlaşdıran Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İsmayıl finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub – 5:2. Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.

Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb – 3:1. Mərdanov 1/4 finalda erməni Rafayel Tovmasyana “tuşe” ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb – 0:8. Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) – Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button