Çempionlar Liqasına hansı daha layiqdir: “Qarabağ”, yoxsa “Neftçi”? SORĞU

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün bitiminə bir tur qalıb.

Komanda.az xəbər verir ki, çempionatın qalibi sonuncu turun “Qarabağ” – “Neftçi” matçının nəticəsinə görə müəyyənləşəcək. “Qarabağ”a çempionluq üçün heç-heçə və ya qələbə sərf edir. “Ağ-qaralar” isə qızıl medal üçün yalnız qələbə qazanmalıdır.

Premyer Liqanın qalibi yeni mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanacaq. Gümüş medalın sahibi isə yeni yaradılan Konfrans Liqasında mübarizəyə qoşulacaq. Bəs Azərbaycanı Çempionlar Liqasında hansı komanda təmsil etməlidir – “Qarabağ”, yoxsa “Neftçi”? Bu komandalardan hansı bir nömrəli klub turnirində iştirak etməyə hazırdır? Bu suallarla idman yazarlarına müraciət etdik:

Mehman Süleymanov, (“sport24.az”);

“Bu iki klubu müqayisədə edəndə, əlbəttə, “Qarabağ”ın üstünlükləri var. Hər halda, Qurban Qurbanovun komandası son 7 ilin çempionudur, bu müddətdə daim mübarizəyə Çempionlar Liqasında başlayıb, bir dəfə bu turnirin, 6 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib. Buna görə, ümumiyyətlə, böyük avrokuboklar təcrübəsinə malikdir. Komandanı 13 ildir eyni baş məşqçinin çalışdırması, sabit heyətinin olması da ona üstünlük gətirən cəhətlərdəndir. “Neftçi” isə son 7 ildə bu turnirdən kənarda qalıb, baş məşqçisi Samir Abasov avrokuboklarda debüt edəcək. Ancaq 43 yaşlı bu mütəxəssisi də hesabdan silmək olmaz. Hər halda, o, mövsümə inamsız başlayan, enişdə olan “Neftçi”ni uğursuzluq zolağından çıxararaq çempionluq uğrunda sonadək mübarizə aparan komandaya gətirdi ki, indinin özündə də qızıl medal şansını saxlayır. Üstəlik, “Qarabağ”dan bu çempionatda da ən çox – 6 xal götürən məhz “ağ-qaralar”dır.

Burda heyətin gücləndirilməsi, transferlərə ayrılan büdcə böyük önəm kəsb edəcək. “Qarabağ”ın nə qədər üstünlükləri olsa da, ÇL-ə gedərsə, mütləq güclənməlidir, xüsusilə, hücum xəttinə transfer etməlidir. İstənilən halda, çempion kim olsa, o, Avropanın ən nüfuzlu klub turnirində ölkəmizi təmsil etməyi haqq edəcək. Bu haqqı onun əlində almaq haqsızlıq olar”.

Kənan Həsənov, (“Futbol+”);

“Komandaların hazırlıq səviyyəsini dəyərləndirmək üçün çempionatın gedişinə baxmaq kifayətdir. Buna nəzər salanda, ortaya maraqlı nüans çıxır. Belə ki, əvvəllər “Qarabağ” sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirirdisə, artıq bu mövsüm hər şey son tura qalıb. Bu da ondan xəbər verir ki, “Qarabağ” yaxşı formada deyil. Bunun səbəblərindən biri də komandanın ehtiyat oyunçular skamyasının kasad olmasıdır, mövsümün gedişində müəyyən zədələrin baş verməsidir. Hazırkı vəziyyətin yaranmasının səbəbkarı heç də “Neftçi” deyil. Təbii ki, Samir Abasovun gəlişindən sonra “Neftçi”də müəyyən irəliləyiş görünür. Ancaq mən düşünürəm ki, hazırkı vəziyyətin yaranmasına əsas səbəb “Qarabağ”ın əvvəlki illərə nisbətən geriləməsidir.

Çempionlar Liqasına kimin daha hazır olması qarşıdakı vaxtlarda bilinəcək. Transfer pəncərəsi dövründə komandaların boşluqları necə doldurmasından çox şey asılıdır. Hələ turnirə hazırlıq mərhələsi qabaqdadır. “Qarabağ”ın son illərdə avrokuboklarda böyük təcrübəsi var. Qurban Qurbanovun komandasının davamlı şəkildə qruplarda oynaması “Qarabağ”ın lehinə olan məqamdır. Təəssüf ki, bu tendensiyanı “Neftçi”də görə bilmirik. Seçim etməli olsam, düşünürəm ki, “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında daha yaxşı təmsil edə bilər. Bu da komandanın son illərdə avrokuboklarda çıxış etməsi ilə bağlıdır. Ancaq hər şey qarşıdakı fasilədən, komandaların hazırlıq mərhələsindən asılı olacaq”.

İxtiyar Əsgərov, (“matç.az”);

“Neftçi”nin problemi idarəçilikdədir. Rəhbərlik futbolu bilmir. Onlar elə zənn edirlər ki, məqsədə çatmaq üçün öncə heyətə yeni futbolçular cəlb olunmalıdır, amma bunu da bacarmırlar. Son illərdə edilən səviyyəsiz, keyfiyyətsiz transferlər bunu sübut edib. Komanda hər dəfə mövsümə böyük ümidlərlə başlasa da, artıq illərdir qızıl medala həsrətdir. Fikrimcə, elə son illərin statistikasına baxsaq, “Qarabağ” Çempionlar Liqasında oynamağa daha layiqdir. Rəhbərlik Qurban Qurbanova inanır, lazımi dəstəyi verir. “Neftçi” rəhbərliyi isə bəh-bəhlə gətirdiyi mütəxəssisləri istefaya göndərir. “Neftçi”nin avrokuboklarda “Uypeşt” kimi “tarixi uğuru” var. Bir klubun prezidenti “Bney Yehuda” faciəsindən sonra “bu, faciə deyil”, “məqsəd “Speranta”nı keçmək idi” kimi anlaşılmaz fikirlər söyləyirsə, deməli, bu adamın futboldan xəbəri yoxdur, hansı klubda işləməsinin məsuliyyətini bilmir. “Qarabağ” isə illərdir qrupa vəsiqə qazanır, daha təcrübəli, daha hazırlıqlıdır”.

Anar Xanlarov, (“rekord.az”);

“Ümumi götürdükdə, kimin hazır olub-olmamasını indidən demək çox çətindir. Çünki Çempionlar Liqasının startına hələ bir qədər var və o zamana kimi çox şeylər dəyişə bilər. Heç kim zəmanət verə bilməz ki, bir aydan sonra “Qarabağ”da, yaxud da “Neftçi”də nələr baş verəcək. Amma hazırkı dönəmə görə fikir yürüdürüksə, “Qarabağ” daha üstün durumda görünür. Çünki həm heyətindəki legionerlərin səviyyəsi daha üstündür, həm də “Neftçi” ilə müqayisədə beynəlxalq oyun təcrübəsi daha çoxdur”.

Səxavət Qurbanov, (“idmanxeber.az”);

“Ölkə çempionunun kim olmasından asılı olmayaraq, hər iki komandanın Çempionlar Liqasına hazır olduğunu demək yanlış olar. Sözsüz ki, “Qarabağ” bu il “Neftçi”yə nisbətdə daha yaxşı görünür. Qurban Qurbanovun komandası qol vurmaqda çətinlik çəkmir. Lakin “Qarabağ”ın da tam hazır olduğunu demək olmaz”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button