Rüsvayçı “inkişaf”

Abdulla İsmayıloğlu

“İlk əsaslanmalı olduğumuz cəhət – motivasiyalı oyunçulardan ibarət güclü kollektiv yaratmaqdır. Oyunçuların öz ölkəsi, azarkeşləri və özləri üçün döyüşməsini görmək istəyirəm”.

Bu sözlər 2020-ci ildə Latviya yığmasının “sükanı arxasına” keçən 40 yaşlı yerli məşqçi Daynis Kazakeviçə məxsusdur. Heç iki milyon əhalisi olmayan Latviyanın milli komandasının baş məşqçisini keçmiş peşəkar futbolçu belə, adlandırmaq olmaz. Belə ki, 8 illik futbolçu karyerasının yeddi ili “DÜŞS Elqova” futbol klubu ilə bağlıdır ki, bu komandanın aşağı yaş qruplarında və olduqca qısa bir müddətdə isə 1-ci liqa təmsilçisi “Dialoq”da top qovub. 18 yaşında isə futbolçu karyerasını bitirib.

Peşəkar futbolçu karyerası alınmayan Kazakeviç 20 yaşında Latviyanın 2-ci liqa təmsilçisi “Viola” klubunun “sükanı arxasına” keçir. Onun rəhbərliyi altında komanda 2003-cü ildə 1-ci liqaya, 2009-cu ildə Latviya Virsliqasına yüksəlir. 2009/10-cu il mövsümündə isə Kazakeviçin komandası ölkə kubokunun qalibi olur. 2012-2013-cü illərdə gənc mütəxəssis Latviya Futbol Federasiyasında (LFF) idman direktoru, 2013-2020-ci illərdə isə Latviyanın U-21 yığmasının baş məşqçisi olur. İki il ərzində əcnəbi məşqçilərlə heç bir uğur əldə edə bilməyən LFF 20 yanvar 2020-ci ildə ölkənin bir nömrəli komandasının taleyini Kazakeviçə həvalə edir.

LFF ilə AFFA eyni ildə (1992-ci il) yaranmasına baxmayaraq, latviyalılar uğurlu strateji xətt cızaraq, öz milli komandalarını zirvələrə daşıya bilirlər. Məhz bunun məntiqli nəticəsi kimi Latviya millisi 2004-cü ildə Avropa çempionatına vəsiqə qazanır. Onu da xüsusi vurğulayım ki, postsovet məkanı ölkələri içərisində Rusiya millisindən sonra qitə miqyaslı turnirdə iştirak edən ikinci milli komanda məhz Latviyadır. Son 17 ildə Latviya futbolunda nəsil dəyişməsinə görə FİFA reytinqində xeyli geriləyiblər. Lakin buna baxmayaraq, 30 mart 2021-ci ildə, İstanbuldakı “Atatürk” stadionunda FİFA reytinqində 136-cı yerdə qərarlaşan, 8,55 milyon avroluq heyəti olan latviyalılar FİFA reytinqində 32-ci yerə və 227 milyon avro heyətə sahib olan Türkiyə yığmasına qarşı yaşıl meydanda “Çanaqqala savaşı” göstərərək, tablodakı yekun hesabı 3:3 etdilər. Pribaltika təmsilçisi “ay-ulduzlular”dan əvvəl Niderland və Monteneqro millilərinə qarşı oyunlarda məğlub olmalarına baxmayaraq, həmin matçlarda da xarakter, “diş” göstərmişdilər.

Latviya millisini misal çəkməklə vurğulamaq istəyirəm ki, necə olur, futbol üzrə keçmiş SSRİ çempionatında yeganə təmsilçisi “Riqa” klubu ilə ən yaxşı göstəricisi 1951-ci ildə turniri 11-ci pillədə başa vurmaq olan bir ölkə, ittifaq dağıldıqdan 12 il sonra AÇ-yə vəsiqə qazana bilir, bu gündə öz mübariz oyunu ilə göz oxşadığı halda, elə həmin ittifaq çempionatında ən yaxşı göstəricisi 3-cü yerlə bürünc mükafatçı olan “Neftçi” klubuna sahib, dünya futboluna Anatoli Banişevski, Tofiq Bəhramov kimi ulduzlar bəxş edən, Kazakeviçdən qat-qat üstün, peşəkar futbolçu karyerasına, məşqçilik bacarığına malik veteran futbolçuları olan Azərbaycan isə hələ də seçmə mərhələlərin qruplarının dibində zəncirlənib?!

1990-cı və 2000-ci illərin əvvəllərində futbolçularının maddi durumları, təminatları acınacaqlı olan, hətta eyni forma ilə məşq edib meydana çıxan, Portuqaliya, İsveçrə, Serbiya və Çernoqoriya kimi komandaları döyüşkənliyi ilə büdrədib qələbə, xallar qazanan Azərbaycan millisi niyə yoxa çıxdı və ya bu gün maddi rifah, təminat, infrastruktur, şərait baxımdan zəngin olan biz nə üçün bataqlığa yuvarlanmaqdayıq? Sanki bu gün Azərbaycan yığması meydanda 11 nəfərlə futbol oynayan yox, 11 nəfərlə öz qapı xəttində yığışan və sonda “yırtığ”a çevrilən nizamsız qrupdur. Bəs bu cür geriyə reaksiyalı “tərəqqi” necə baş verdi?!

Hə, yadıma düşdü! Yuxarıdakı sualların cavabı son 13 ildə AFFA-nın “sükanı arxasında” əyləşən, ölkə başçısının futbolun inkişafına ayırdığı yüz milyonlarla vəsaiti ciblərinə ötürən, “Şəmkir”, “Viləş”, “Karvan”, “Standart”, “Rəvan”, “MKT-Araz”, “Neftçala”, “Bakı”, “Xəzər Lənkəran”, AZAL və başqa klubları darmadağın edən, onlarla futbolçuların karyerasını vaxtından çox əvvəl sonladıran, uşaq futbolunu dəfn edən, yerli təcrübəli məşqçiləri gözüm-çıxdıya salan, beynəlxalq səviyyədə baş məşqçi kimi uğuru, təcrübəsi olmayan torreslərin, yurçeviçlərin başlarına milyonlarla dollar-avrolar tökməklə “Bazardüzü” dağına qaldıra bilməsidir. Azərbaycan millisini indi də Canni De Byazinin avantürist vədləriylə “Everest” zirvəsini fəth etməyi düşünən, zirvə fəthi yolunda hələ irəli bir addımlıq sıçrayış etmədən ildırım sürətiylə geriyə dığırlatdıran Rövnəq Abdullayevlə Elxan Məmmədovdur.

Ən acınacaqlısı isə, Azərbaycan millisinin fiaskolarında Byazi avantürasına AFFA limitsiz “yaşıl işıq” yandırmaqla, italiyalı məşqçi jurnalistlərin ona ünvanladığı “Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsız” sualına: “Yaxşı sualdır, hətta gülmək istəyirəm” deməklə aydınlıq gətirir.

Yadıma 15-16 il əvvəl Fərda Xudaverdiyevin öz şou verilişində yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevi yumorla parodiya etməsi düşdü. Həmin parodiyada Şahin Diniyevə sual ünvanlanır ki, “bəs, millidən daha yaxşı nəticələr, qələbələr nə vaxt görəcəyik”. Cavab belə olur: “Əşi, bir gözləyin da! Yavaş-yavaş inkişaf edirik, əvvəl 0:6, 0:5 hesablarıyla uduzurduq, indi 0:3-lər davam edir, sonra 0:2-lər, minimal hesablı məğlubiyyətlər, ardınca qolsuz heç-heçələr başlayacaq, yerimə göz dikənlər sevinməsinlər, hərdən bir Finlandiyanı udduğumuz kimi sensasiyalar olacaq”.

Bir vaxtlar gülüş şousundakı ifadələr reallığa çevrildi. Azərbaycan millisinin gəlib-getmiş əcnəbi baş məşqçiləri ictimaiyyət qarşısında istehzalı ifadələri rahatlıqla dilə gətirmək ənənəsini qoydular. Bu gün də həmin ənənəni Byazi “Azərbaycan millisini yavaş-yavaş böyüdəcəyik” ifadəsini tez-tez vurğulamaqla davam etdirir.

Qeyd: “Acından ölən” Ermənistanın milli komandası son 3 oyunda maksimum xal toplayaraq, yer aldığı qrupda Almaniya yığması kimi nəhəngi də geridə qoyub, vahid lider olması ilə geniş addımlarla inkişaflarını bütün dünyaya göstərəndə, biz hələ də AFFA-nın “islahat”ları, gəlmələrin utopik avantüraları nəticəsində yaşıl meydanda rüsvay olmağımıza “inkişaf” deyirik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button