Azərbaycanlıların balkonu və gürcü balası Xviça

Rəşad Ergün

Azərbaycanın futbola könül verən kəsimi qısqanclıq qarışıq hirs içindədir. Gürcü balası Xviça Kvaratsxeliyanın İtaliyanın “Napoli” klubunda oynadığı futbol azərbaycanlıların yuxusunu ərşə çəkib. Bu zalım gürcü balası da az aşın duzu deyil ha! Avqust ayı üçün İtaliya A Seriyasının ən yaxşısı seçilib, dünən də Çempionlar Liqasının qrup mərhələsində, “Liverpul”u 4:1 hesabı ilə məğlub etdikləri oyunda “min oyundan çıxıb”.

Gəl indi özündən çıxma da!

Axı bizim də Araz Abdullayevimiz var idi. “Everton”a getmişdi, sonra Yunanıstana, daha sonra Kiprə, indi də gəlib, odur e, “Sumqayıt”dadır. Marka geyimlərdən geyinir, saçlarına “jele” sürtür, arada baş məşqçi şans verəndə, çıxır meydana, bir az qaçır, adı da olur futbolçu.

Axı bizim Mahir Emrelimiz də var idi. Zaqreb “Dinamo”suna keçəndə “vəssalam, bizim də Avropa səviyyəli futbolçumuz var” demişdik. Hazırda Xorvatiyada səssiz-səmirsiz oturmağına görə hər ay maaş alan beş adam varsa, onlardan biri Mahirdir.

Dünəndən bəri sosial şəbəkənin Azərbaycan seqmentində “qonşu Gürcüstandan Xviça səviyyəsində futbolçu çıxırsa, bizdən niyə çıxmır” sualları havada uçuşur. Hər kəs də zəkasının imkanlarına görə cavablar tapmağa çalışır.

Azərbaycandan niyə Xviça Kvaratsxeliya səviyyəsində futbolçu çıxmalıdır?

Bəlkə, Azərbaycanda Xviça Kvaratsxeliya kimi futbolçu yetişdirəcək uşaq məşqçisi var, xəbərimiz yoxdur?

Bəlkə, Azərbaycanda Xviça Kvaratsxeliya səviyyəsində futbolçu yetişdirə biləcək uşaq məşqçisinə lazım olan şərait yaradılıb, bilmirik?

Bir az klişə sual olacaq bəlkə də, amma xatırlatmaqda fayda var: “Bakı” klubunun bazası yadınızdadır? Ölkədə xeyli sayda uşaq futbolun sirlərini o bazada, o akademiyada öyrənirdi. Hərçənd, həmin “Bakı”nın akademiyasından çıxan Mahir Emreli Polşaya – “Legiya”ya yeni gedəndə demişdi ki, uşaq futbolunda öyrənməli olduğum şeyləri gəlib burda öyrənirəm. Hər nə isə, pis-yaxşı bir baza, akademiya var idi. İndi o bazanın yerində yaşayış kompleksi tikiblər… sə…. Niyə yuxularımız ərşə çəkilməlidir, niyə gürcü balasının İtaliyada ölkəsini uğurla, qürurla təmsil etməsini qısqanmalı, qıcıq olmalıyıq?

Məsələ təkcə “iki komandanın heyətində üst-üstə neçə futbolçu olmalıdır” sualına cavab tapa bilməyən AFFA prezidenti Rövnəq Abdullayevdə, futbola aid nə varsa, Azərbaycan futbolunun başında dəlləklik edərək öyrənən Elxan Məmmədovda deyil. Məsələ burasındadır ki, biz cəmiyyət, toplum olaraq futbol meydançasını söküb, yerində ya alış-veriş mərkəzi, ya da nəhəng yaşayış komleksi tikəcək “kafa”dayıq. Əksəriyyətimizin içində “Bakı”nın bazasını söküb, yerində yaşayış binaları inşa edəcək azərbaycanlı gizlənib. Bu cür böyük qələtləri etməyə imkanı olmayanlarımız yaşadığı binada balkonunu bir metr, iki metr qabağa çıxarıb, evini “böyütmürmü”?

Gürcü balası Xviçanın “Napoli” ilə etdiklərini görən Azərbaycanın futbola könül verən kəsimi qısqanclıq qarışıq hirs içindədir. Amma qısqanclığı və hirsi bir kənara buraxıb, anlamalıyq ki, futbola təkcə könül yox, baş, beyin də vermək lazımdır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button