Azərbaycanlı – problemli

Rəşad Fərhadoğlu

Kafir, yeri cəhənnəm olan, Allaha və onun son dininə qarşı çıxan İsrail dövləti və onun Azərbaycan dilinə “doğma Azərbaycan dilimiz” deyən vətəndaşı, bu dili göz bəbəyi kimi qoruyan, yaradıcılığını Azərbaycan türkcəsinə kökləyən sakini. Hər şeyə rəğmən, cəmi yəhudilər cəhənnəmə gedəcək. Çünki müqəddəs torpaqlarda yaşayan din xadimləri belə deyir. Bizim üçün əlbəttə ki, nə dilimiz, nə vətənimiz əsasdır. Əsas olan ÜLƏMAnın fikridir. İranı, Səudiyyəni İsrailin ayağına verə bilmərik. Çünki bizi adam edən, bizə mədəniyyət aşılayan dinimizdir… “Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal”.

Yazının yuxarısına nəzər yetirdizsə, oxuduğunuz hər şeyi tərsinə yozun. Dinin xeyrini Mirzə Cəlil, Axundov və başqa tanınmış şəxslərin yetişməsində görmüşük. Ərdoğan isə indi görür. Xalqı idarə etməkdəki faydasını nəzərdə tuturam. Şübhəsiz ki, şüuru olan kəs üçün “doğma Azərbaycan dilimiz” ifadəsini işlədən yəhudinin dəyəri İslamdan bir vasitə kimi yararlanan bütün insanların cəmi dəyərindən üstündür. Paralel olaraq, İsrailin də dəyəri İslamı əldə bayraq edən dövlətlərin mütləq əksəriyyətindən üstündür.

Üstünlükdən söhbət düşmüşkən, cahillik və harınlıq futbol camiəsində də ciddi problemlər yaradıb. Problem və Azərbaycan kəlmələri necə iç-içə giribsə, savadsızlıqla futbol ondan betər qol-boyun olub. Məhz kəndxuda təfəkkürlü insanların sayəsində futbolun idarəçiliyi Məmmədov Elxan və “ağsaqqal”ı Nəsirov Elşad, eləcə də ayaqçılarının əlinə keçib. İnsanın futboldan anlayışı az ola bilər, qəbahət deyil. Amma heç olmaması, faciəni qaçılmaz edir. Futbol savadsızlığı, həmçinin idarəetmədəki bacarıqsızlığı, “ət satmağı” həyatının prioritetinə çevirmiş Ramin Musayevi sonda səlahiyyətlərini AFFA-nın baş katibinə satmağa sövq etdi. Qəliz ifadə işlətdiyimi və çoxunuzun nə demək istədiyimi başa düşmədiyinizi bilirəm. Klublara “haqq qoymaqla”, transferlərə burun soxmaqla, oyunların taleyini kabinetində həll etməklə vəzifəsini satdı cənab Musayev. Yalnız pulu düşünməklə gələcəyini müəyyənləşdirdi – Ağcabədinin heyvan bazarı.

Bu gün-sabah çempionatlar bitir, kimlər aşağı düşəcək, kimlər yuxarı qalxacaq, liqalar hansı düstur üzrə davam edəcək, bəlli deyil. Çünki ölkədə digər sferalar kimi futbol da iki dodaq arasından çıxan sözlə idarə olunur. Oturdulmuş sistem yoxdur. Bu gedişlə, FİFA və UEFA kimi qurumlarda da saat kimi işləyən sistemi çökdürəcəklər. Axı adı Azərbaycanla hallananın sonu “hallı olanlar”dan fərqli olmur. Özümüzün cari problemlərimizi həll edə bilməmişik, UEFA-nın Avroliqa finalını çözəcəyik. Yəni, bizimkilər iynə kimidir, özü lümlüt firlansa da, hamını bəzəyirlər.

Problemlər həlli mümkün olmayanlar tipindən deyil. Doğrudur, inkubator kimi balalayır, amma idarəetmədəki yarıtmazlar qovulandan sonra artım olmayacaq. Məsələn, PFL prezidenti “bazar” təfəkkürlüdüsə, AFFA-nın baş katibi yeyib-dağıdırsa, bunun günahı şübhəsiz AFFA-nın prezidentindədir. “Balıq başdan iylənər”.

Balıq demişkən, Hafiz Hacıyevin məşhur ayaqqabı məsələsi yadıma düşdü. Nədənsə “Balıq Hafiz”i Ramin Musayevə oxşadıram. Danışıqları, davranışları, etik normalara “riayət etmələri” və şübhəsiz ki, səviyyələri tərəzidə tarazlığa səbəb olar. Bajıoğlu, yalanmı deyirəm?!

P.S. Yəhudi ilə cəhənnəmə getmək, “pfl.az” saytının baş redaktoru Ramin Musayevlə cənnətə getməkdən yaxşıdır. Yəhudi cəhənnəmi gec-tez cənnətə çevirər, Musayev isə cənnəti cəhənnəmə.