Azərbaycanlı hücumçu “Ximki”dən ayrıldı

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu qonşu ölkənin digər təmsilçisi “SKA-Xabarovsk” klubuna keçib.

Bu barədə azərbaycanlı hücumçunun yeni klubu məlumat yayıb. Xabarovsklular Kamranı 2021/22 mövsümünün sonuna qədər icarəyə götürüblər.

“SKA-Xabarovsk” Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) mübarizə aparır. Əliyev artıq yeni komandasında debüt də edib. O, Moskva “Spartak”ının ikinci komandası (0:1) və Vladiqafqaz “Alaniya”sı ilə (1:3) oyunların iştirakçısı olub. Xabarovsk təmsilçisi bu mövsüm keçirdiyi 10 oyunda 17 xal toplayıb və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Yeri gəlmişkən, “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Sözügedən klub onu da Yekaterinburq “Ural”ından icarəyə götürüb. Komandanın baş məşqçisi isə vaxtilə Azərbaycanda “Simurq” komandasını da çalışdırmış Sergey Yurandır. Hansı ki, o, vaxtilə Kamran Əliyevin “Ximki”də baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button