Azərbaycanlı futbolçu rəsmən Gürcüstan klubunda

Bir neçə gün öncə “Səbail”dən ayrılan yarımmüdafiəçisi Vüqar Bəybalayevin yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu Gürcüstanın “Telavi” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Gürcüstan klubuna azad agent kimi cəlb olunan Bəybalayev yeni komandasında “15” nömrəli formanı geyinəcək.

“Telavi” Gürcüstanın yüksək liqasında mübarizə aparır. Sözügedən komanda bu mövsüm meydana çıxdığı 5 oyunda 5 xal toplaya bilib və 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.