“Düşünürəm ki, orda daha yaxşı çıxış edəcəm” – Rafiq Hüseynov

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində serbiyalı Viktor Nemesə qalib gələrək, finala vəsiqə qazanan Hüseynov bunları deyib:

“Qələbə qazanmaq çox çətin oldu. Çünki rəqibim məşhur dünya və Avropa çempionu idi. Bu görüşü qazandığım üçün xoşbəxtəm”.

Rafiq, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması ilə də bağlı fikirlərini söyləyib:

“Bu, mənim ilk olimpiadam olacaq. Düşünürəm ki, orda daha yaxşı çıxış edəcəm. 2020-ci ilin martında çox güclü idim. Amma sonra koronavirus pandemiyası başladı və biz gözləməli olduq. Yarışa 87 kq çəki dərəcəsində getmək istəyirdim. Amma bu kateqoriyada güclü güləşçilərimiz var. Buna görə də 77 kq-a düşməyə qərar verdim”.

Rafiq Hüseynov Dünya Olimpiya Təsnifat Turnirinin finalında Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyanla qarşılaşacaq. Görüş bu gün keçiriləcək.