24 qramlıq futbolçular

Rəşad Ergün

Necəsə gedib Xorvatiyanın “Varajdin” klubuna çıxan Rüfət Abdullazadənin elə bu gün “şad xəbər”i yayıldı. Məlum oldu ki, ayağına, başına güvənən futbolçuların Avropaya can atdığı dünyada Avropa futbolu Rüfət kişinin heç topuna da deyil, ona müftəyə yaxın pul, can rahatlığı lazımdır. Elə bunlara görə də Azərbaycanda “lövbər salıb”, “Zirə” ilə icarə müqaviləsi bağlamaq qərarına gəlib.

Yox, həqiqətən, Rüfətin timsalında azərbaycanlı futbolçulara Avropa çempionatları lazım və maraqlı deyil. Abdullazadə özü də bunu etiraf edib:

“Avropada, xüsusilə də, rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbr və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır”.

Bu açıqlama və Rüfətin Xorvatiya çempionatını Azərbaycan Premyer Liqasına dəyişməsi onu göstərir ki, futbolçu ordan qaçmaq üçün bəhanə gəzirmiş. Sağ olsun, o bəhanəni də ona “Zirə” verib. Avropada futbolçudan güc, fiziki davamlılılq, yüksək peşəkarlıq tələb edildiyini deyən və üstüortülü şəkildə bunların heç birinin özündə olmadığını etiraf edən Abdullazadə ilə “Zirə” nə qazanacaq, hara və haralara kimi gedəcək?

Xorvatiya çempionatında oynamağa gücü, peşəkarlığı çatmayan bu futbolçu sabah Azərbaycan millisinə çağırılacaq, məsələn, elə həmin Xorvatiya yığmasına qarşı oynayacaq. Çağırılmasa da, “məni niyə milliyə dəvət etmirlər” deyib, fəryad qoparacaq. Və inanın ki, Azərbaycanın idman mətbuatından da xeyli jurnalist “Rüfət potensiallı futbolçudur, millidə olmalıdır” kimi zəvzək yazılar yazacaq, sosial mediada paylaşımlar edəcəklər.

Adamın 24 yaşı var e. 24 yaş! Bu yaş futbolçu üçün ən yaxşı dövrlərdən sayılır. Pardon, sayıla bilərdi… Amma nə olsun? Bizdə Rüfət qarışıq, 24 qram futbolçu potensialı olanlar Azərbaycan çempionatında, ayaqlarını sürüyə-sürüyə, haqq etmədikləri pulları ciblərinə dolduraraq günlərini gün etmirlərmi? Nə demək olar? “Molodes”!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button