“Azərbaycan və Moldova yığmaları arasında böyük fərq yoxdur”

Futbol üzrə Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan və Moldova yığmaları arasında elə də böyük fərq yoxdur. Bu oyunlar həm seçim, həm də nəzarət xarakteri daşıyır. Sabah meydana gənc futbolçular da çıxacaqlar. Düşünürəm ki, ehtiyat qüvvənin də nə dərəcədə hazır olduğunu yoxlamaq lazımdır. Rəqibin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək”.

O, start heyətini, demək olar ki, müəyyənləşdirdiyini söyləyib: “Heç vaxt oyun gününə qədər qərar qəbul etmirəm. Hamı sağlam olsa, start heyətlə bağlı fikrim dəyişməyəcək. Meydana maksimum döyüşkən heyət buraxacağıq”.

Baş məşqçi Artur Kraçunla Yon Nikolaeskunun Azərbaycan millisinə qarşı oynamayacağını vurğulayıb: “Kraçunun zədə aldığını bilirdik, sadəcə, yerində yoxlanılmasını istədik. Məlum oldu ki, qarşıdakı matçlara iştirak edə bilməyəcək. Nikolaeskuya gəlincə, həkimlər oynamağına icazə vermirlər. Yenidən zədələnmə ehtimalı yüksəkdir. Onun sağlamlığını riskə atmayacağıq. Başqa çıxış yolları axtaracağıq”.

Kleşenko seçmə mərhələyə hazırlıq baxımından Azərbaycan yığmasının rəqib seçilməsinə də toxunub: “Yoldaşlıq oyunları üçün seçim imkanımız az idi. Rumıniya yığması ilə görüş əvvəldən planlaşdırılmışdı. Ona görə də ikinci rəqib axtarırdıq və biz Azərbaycan millisi ilə razılığa gələ bildik”.

Sabah Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq Moldova – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button