Azərbaycan milli komandasının təlim-məşq toplanışı ləğv olundu – koronavirusa görə

Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı ləğv olunub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub. Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilib.

Son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə belə bir addım atılıb.