Ayxan Abbasov: “Adam təcrübəli hakimlərin səhvlərini qəbul edə bilmir”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Abbasov, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Komandamı təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Bu gün xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik. Çempionatın sonu nə olur olsun, mən futbolçularımın arxasındayam. Burda olduğum illərdə çox ilklərə imza atmışıq. Biz ilk növbədə bunu futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik.
  • Səid Rza qol vurdu və azarkeşlərə gözəl jest etdi…
  • Sistemdə bəzi dəyişikliklər etmişdik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. “Səbail” “Qarabağ”ı udub, buraya gəlmişdi. Oyuna iki hücumçuyla başlamaq istədik. Rəqibə üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdır. Potensialı var. Mənə yüz hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq, azarkeşləri coşdurdu.
  • İki hücumçuyla oynamağa davam edəcəksiz?
  • Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq üç xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq.
  • Bu gün qapıda Aydın Bayramova yox, Tərlan Əhmədli şans vermişdiz. Bu, nəylə bağlıydı?
  • Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçı idi, milliyə düşdü. O, o qədər əziyyətlə bura çatıb ki… Mənim Aydına inancım yüz faizdir. Hərdən istirahət etməli, rəqabəti hiss etməlidir. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdır. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun da uzun müddətdən sonra matça çıxdı. Roman Hüseynov da həmçinin. Hərdən “Sumqayıt” haqda danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək.
  • “Qarabağ”la oyunda hansı dəyişikliklərə əl atacaqsız?
  • “Qarabağ” indi daha güclüdür. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Onlar yaxşı formadadırlar. Biz oyuna hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. Bizdə də itkilər var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundur, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnşallah, yaxşı olacaq.
  • Hakimlikdən razı qaldız?
  • Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma adam təcrübəli hakimlərin səhvlərini qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa, sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Vallah, mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm.

Şahin Cəfərov