Ayxan Abbasov qovulacaq?

Azərbaycan Premyer Liqasında 19-cu tura martın 2-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

Ayxan Abbasov qovulacaq?

Turun ilk oyununda 3-cü pillədəki “Səbail”lə sonuncu yerdəki “Sumqayıt” üz-üzə gələcək. Hər iki komanda AFFA-dan maliyyələşsə də, durumları çox fərqlidir. Bunu “güzgü”dən – turnir cədvəlindən görmək olar. “Səbail” son turda gözlənilmədən “Neftçi”ni məğlub edərək, 3-cü pillədəki mövqeyini bir qədər də yaxşılaşdırdı. İndi “Səbail”lə ən yaxın izləyicisi “Qəbələ” arasında 6 xallıq fərq var. “Sumqayıt” isə… Sumqayıt təmsilçisi Nazim Süleymanovu urvatsız şəkildə baş məşqçi postundan yola salandan sonra sanki lənətlənib. Ayxan Abbasov “kimyaçılar”ın dərdinə məlhəm olacaq kimi görünmür. AFFA reqlamenti pozmasa, “Sumqayıt” mövsümün sonunda Premyer Liqa ilə vidalaşacaq. Komandanın göstərdiyi oyun, qazana bilmədiyi xallar bunu labüd edir. O da ola bilər ki, “Sumqayıt” “Səbail”ə də uduzacağı halda, Ayxan Abbasov istefaya göndərilsin. Batmaqda olan “gəmi”ni xilas etmək üçün “kapitan”ı suya atmaqdan başqa yolu varmı “Sumqayıt”ın? Hər halda, AFFA kluba prezident təyin etdiyi Riad Rəfiyevi “suya atmaz”.

Statistika nə deyir?
Son iki oyunda meydan sahibi tərəf “quru hesab”la qalib gəlib. “Səbail”in ev oyunlarında qol vuran komanda qələbə qazanıb.
Səbail – Sumqayıt: 6 oyun, 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 4-5

“Neftçi” – “sabun köpüyü”

Ötən turda gözlənilmədən “Səbail”ə məğlub olan “Neftçi”ni bu dəfə “Sabah”la sınaq gözləyir. Premyer Liqanın debütantı son turda turnir cədvəlində “Neftçi”ylə şərikli lider olan “Qarabağ”dan xal qoparmağı bacardı (1:1). Elşad Əhmədovun komandası “ağ-qaralar”dan da xal almaq gücündədir. “Neftçi” böyük pullar xərcləyərək, dünyanın az qala hər yerindən transferlər etməsinə baxmayaraq, böyük komanda olmağı bacarmır. Çempionluğa oynayan komanda “Səbail” kimi bir rəqibə uduzursa… “Sabah” bu “Neftçi”dən xal ala, hətta məğlub da edə bilər. Görünən odur ki, “Neftçi” rəhbərliyinin hay-küylü açıqlamalarına, transferlərinə və baş məşqçisi Roberto Bordinə rəğmən, komanda “sabun köpüyü” kimidir. Boşdur və istənilən an “partlaya” bilər.

Statistika nə deyir?
Hər iki oyunda “Neftçi” qalib gəlib. “Sabah” bu matçların ikisində də 2 qol buraxıb.
Neftçi – Sabah: 2 oyun, 2 qələbə, 0 heç-heçə, 0 məğlubiyyət, top fərqi 4-1

Yüksəlişdə olanla enişdə olanın qarşılaşması

İkinci oyun günündə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Zirə”ylə “Keşlə”ni çətin sınaq gözləyir. Samir Abasovun Avropa Liqasına vəsiqə qazanmasını arzuladığı “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edəcək. “Qartallar” son iki turda uğurlu nəticələr əldə edibsə, Qəbələ təmsilçisində tam əksidir. “Zirə” əvvəlcə “Neftçi”ylə heç-heçə edib, ardınca “Sumqayıt”ı məğlub edib. “Qırmızı-qaralar” isə “Qarabağ”a məğlubiyyətdən sonra, son turda doğma meydanda “Keşlə”nin müqavimətini də qıra bilmədilər (0:0). Bu görüş yüksəlişdə olan komanda ilə enişdə olanın qarşılaşması olacaq.

Statistika nə deyir?
“Qəbələ” son 2 matçda qol vurmayıb. Son 9 qarşılaşmada meydan sahibi olan tərəf uduzmayıb.
Zirə – Qəbələ: 14 oyun, 4 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət, top fərqi 12-15

“Qarabağ”ın tək ayaqla lider olduğu çempionat

Turun son matçı “Neftçi”ylə şərikli liderliyini davam etdirən “Qarabağ”la “Keşlə” arasında baş tutacaq. Hər iki komanda son turdan “sülh”lə ayrılıb. “Qarabağ” “Sabah”la, “Keşlə” isə “Qəbələ”ylə bərabərə qalıb. “Köhlən atlar”ın əvvəlki mövsümlərdəki kimi görünmədiyi, daha çox təcrübəsi hesabına zirvədə yer alması getdikcə daha çox aydın hiss olunmağa başlayır. Bəli, bu mövsüm çempionluğa oynayan hər iki komanda, həm “Neftçi”, həm də “Qarabağ” yaxşı vəziyyətdə deyil. Sadəcə, Azərbaycan Premyer Liqasının səviyyəsi o qədər aşağıdır ki, Ağdam komandası hətta tək ayağı ilə də liderliyə yüksələ bilər.
“Keşlə” isə… Zaur Axundovun komandası son iki turda yaxşı təsir bağışlayıb. Əvvəlcə “Sumqayıt” üzərində qələbə, ardınca Qəbələdən 1 xalla geri qayıtmaq. Amma çox güman, “Qarabağ” bu turda “Keşlə”nin sevincini burnundan gətirəcək.

Statistika nə deyir?
“Keşlə” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. Son 5 matçda ən azı 2 qol vurulub.
Keşlə – Qarabağ: 57 oyun, 13 qələbə, 19 heç-heçə, 25 məğlubiyyət, top fərqi 38-67

Komanda.az

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button