Ayxan Abbasov: “Bu heyəti qoruyacağımıza ümidliyik”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Vacib qələbə qazandıq. Bəlkə də bizim üçün çempionatın ən kritik oyunlarından idi. Qarşıda çətin oyunlar var. İlk hissədə hər iki komanda ehtiyatlı oynadı. İkinci hissədə futbolçularımız üstün oynadı, taktiki tapşırıqları düzgün yerinə yetirdilər. Bu il ilk dəfə “Qəbələ”ni uda bildik. Komandamı, azarkeşlərimizi təbrik edirəm. Sona qədər mübarizə aparacağıq.
  • “Qarabağ”a ağır məğlubiyyətdən komandanı toparlamaq çətin olmadı?
  • “Qarabağ”la matçda nəticə yaxşı olmasa da, oyunda ürəkaçan məqamlar var idi. Belə məğlubiyyətlərdən sonra komanda ruhu önəmlidir. Əsl komandalar belə məğlubiyyətlərdən sonra bilinir. Məncə, mənfi situasiyadan çıxa bildik.
  • Cəmaləddin Xocaniyazovun durumu nə yerdədir?
  • Son durumu sabah bilinəcək. Ayağında ağrılar var idi, risk etmək istəmədik. Dartılmaya oxşayır, ümid edirik ki, qısa zamanda bizimlə olacaq.
  • Rəhim Sadıxovun Ukraynaya transferi gündəmdədir. Bu haqda fikirləriniz nədir?
  • Onun bizimlə müqaviləsi var. Mövsümün sonuna yaxın hər zaman belə xəbərlər çıxır. Ancaq bununla bağlı nə bizə, nə də futbolçuya rəsmi təklif olub.
  • Transferlərlə bağlı ağlınızda artıq fikirlər formalaşıbmı?
  • Hər şey büdcədən asılıdır. Ötən il heyətimizdən çoxlu futbolçu getdi. Biz futbolçularımıza rahatlıqla təkliflər edə bilmirik. Komandada rəqabət nə qədər çox olsa, inkişaf da olur. Çempionat bitdikdən sonra rəhbərliklə danışacağıq. Ümid edirik ki, bu heyətimizi qoruya biləcəyik.

Şahin Cəfərov