Ayxan Abbasov: “Belqrada hazırlıqlı gəlmişik”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi “Çukariçki” ilə olduqca vacib oyun gözləyir. Belqrada yüksək əhval-ruhiyyə ilə gəlmişik. “Çukariçki” ilə oyun avrokuboklarda bizim ikinci sınağımız olacaq. Klubumuzun tarixində Avropa səviyyəli turnirdə ilk səfər oyunumuzu keçirəcəyik. Rəqibimizə gəlincə, onlar da bizim kimi öz çempionatlarını arxada qalan mövsümdə 3-cü pillədə başa vurub. Ötən müddət ərzində onları az-çox tanımaq imkanımız olub. Təlim-məşq toplanışı dövründə keçirdikləri yoxlama oyunlarını və Serbiya çempionatının ilk turunda “Vozdovats” ilə qarşılaşmanı izləmək imkanımız olub. Çempionatda ilk turda üstün performans göstərərək, əzmkar qələbə qazanıblar. Rəqib futbolçular bir-birlərini yaxşı başa düşürlər, bu da 2-3 il birlikdə oynamalarından irəli gəlir. “Çukariçki”nin heyətində fərdi oyunu ilə seçilən futbolçular da var ki, onlara qarşı hazırlıqlı gəlmişik. Ötən il ilk avrokubok oyunumuzu evdə keçirsək də, məlum səbəblərə görə həmin matç azarkeşsiz keçirilmişdi. Şükürlər olsun ki, azarkeşlərimizin stadionlara gəlməsinə icazə verildi. Ümid edirəm ki, bir həftə sonra cavab oyununa azarkeşlərimizin qarşısına yaxşı nəticə ilə çıxacağıq”.