Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür etdi

Avropa çempionatının A qrupunun iki oyunu üçün Bakıda olan Türkiyə yığması Azərbaycanı tərk edir.

Komanda.az xəbər verir ki, yığma qaldığı “Fairmont” otelindən ayrılaraq hava limanına yola düşüb. Türkiyə Futbol Federasiyası rəsmi saytı vasitəsilə Azərbaycana təşəkkürünü bildirib:

“Dost və qardaş ölkə Azərbaycan AÇ-2020 ərzində və Bakıda oynadığımız oyunlarda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Milli komandaya, TFF-yə və türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qəbul edən Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə birlikdə Uelsə qarşı matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyevə, AFFA prezidenti Rövnəq Abdullayevə, ölkədəki qurumlara ev sahibliyinə görə təşəkkür edirik.

Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin davam edəcəyini bir daha bütün düyaya göstərən Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk”.

Türkiyə yığması AÇ-2020-nin A qrupunu xalsız başa vurub. Komanda Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.