Avropa çempionatı: Azərbaycanlı cüdoçu yarımfinalda

Cüdo üzrə Avropa çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

Kişilər
60 kq

Azərbaycanın iki cüdoçusu mübarizəyə 1/16 finaldan başlayıb. Öncə Savva Karakizidi (Yunanıstan), ardınca David Pulkrabekə (Çexiya) qalib gələn Balabəy Ağayev 1/4 finala vəsiqə qazanıb. Yarımfinalın bir addımlığında Fransisko Qarriqos (İspaniya) önündə aciz qalan idmançımız təsəlliverici qarşılaşmada Tornike Tsjakadoea (Niderland) ilə görüşüb. Rəqibini məğlub edən təmsilçimiz bürünc uğrunda qarşılaşmada Yorr Verstraetenlə (Belçika) üz-üzə gələcək.

Əhməd Yusifov isə Xayme Bernabeunu (İspaniya) məğlub etsə də, Yorr Verstraetenlə (Belçika) bacarmayıb.

66 kq
1/16 finaldan yarışa qatılan təmsilçilərimiz fərqli nəticələrə imza atıb. İbrahim Əliyev ilk görüşdə Tal Flikerə (İsrail) uduzub. Yaşar Nəcəfov isə Radu İzvoreanu (Moldova) və Orlando Kazorla (Fransa)  üzərində qələbələrdən sonra 1/4 finala vəsiqə əldə edib. Denislav İvanovu (Bolqarıstan) da məğlubiyyətə uğradan cüdoçumuz yarımfinala yüksəlib. O, finala gedən yolda ukraynalı Boqdan Yadovla üz-üzə gələcək. 

Qadınlar
48 kq

1/8 finaldan yarışa start verən cüdoçularımızın ikisi də ilk qarşılaşmada mübarizəni dayandırıb. Şəfəq Həmidova Julia Fiqeroa (İspaniya), Ramilə Əliyeva Katarina Kosta (Portuqaliya) ilə dueldə məğlub olub.

Bolqarıstanın paytaxtı Sofiyadakı çempionatda daha 5 azərbaycanlı cüdoçu qüvvəsini sınayacaq.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button