Avrokubok iştirakçılarını təhdid edən koronavirus: Narahat olmalıyıq?

Bütün dünya üçün koronavirusun yeni dövrü başlayıb. Ölkələrdə virusa yoluxanların sayı artıb və bu, müxtəlif sahələrə öz mənfi təsirini göstərir. Həmçinin futbola da. Uzun müddət sonra Avropa ölkələrinin çempionatları bərpa edildi və mövsüm tamamlandı. Avrokuboklarda 2019/20-ci il mövsümündən qalan oyunlar keçirildi və hər iki turnirdə qalib müəyyənləşdi. Amma artıq yeni mövsümün oyunlarına da koronavirus öz təsirini göstərməyə başlayıb. Bir neçə gün əvvəl Kosovonun “Priştina” klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”la (Cəbəllütariq) qarşılaşacağı oyun üçün icarəyə futbolçular götürdüyünü açıqladı. Buna səbəb klubun 8 futbolçusunun koronavirusa yoluxması idi. Klub nəinki 8 futbolçunu, həm də məşqçilər heyətini və bütün komandanı dəyişdirib.

Bundan başqa, turnirdə bir neçə oyun da təxirə salınıb. Avqustun 21-də keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü baş tutmayıb. Buna Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması səbəb olub. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 20-də keçirilməli olan “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) matçı da koronavirusa görə təxirə salınıb. Buna “Slovan”ın bəzi futbolçularında koronavirus aşkarlanması səbəb olub. Amma “Priştina” kimi, “Slovan”a da əvəzedici komanda ilə oynamağa şans verilib.

Göründüyü kimi, avrokubokların təsnifat mərhələlərində çıxış edən komandalar belə ciddi problemlə üzləşir, oyunlar ya təxirə salınır, ya da əvəzedici heyətlə oynanılır. Beynəlxalq turnirlərin bu mərhələlərində Azərbaycan klublarının da mübarizə aparması narahatlığı artırır. Bəs görəsən, avrokubok təmsilçilərimizdə vəziyyət necədir? Komandalar mütəmadi olaraq koronavirus testindən keçirmi? Futbolçular arasında hansısa şübhəli vəziyyət varmı?

Bu suallara cavab tapmaq üçün avrokuboklarda iştirak edən dörd klubun mətbuat xidmətlərinin rəhbərlərinə müraciət etdik:

Nurlan İbrahimov, “Qarabağ”:

“Komanda mütəmadi olaraq, prosedura uyğun testdən keçir. Son testimizdə də hansısa problem qeydə alınmadı. Yenidən testdən keçəcəyik, hər oyuna 48 saat qalmış testlərin nəticəsi bəlli olmalıdır”.

Rüstəm Allahverdiyev, “Neftçi”:

“İki həftə əvvəl və “Səbail”lə oyundan (2:1) 60 saat qabaq testdən keçmişik. Avropa Liqasında “Şkupi” ilə oyundan 48 saat əvvəl yenidən testdən keçəcəyik. Şükür ki, hələ bir probelm yoxdur”.

Murad Axundov, “Keşlə”:

“Son olaraq “Sumqayıt”la oyundan (1:0) əvvəl testdən keçmişik. UEFA-nın yeni qaydalarına əsasən, Avropa Liqasının oyununa 48 saat qalmış yenidən test nəticələri müəyyənləşməlidir. Buna uyğun olaraq, “Laçi” ilə oyun öncəsi komanda yenidən testdən keçəcək”.

Rəşad Məmmədov, “Sumqayıt”:

“Komandada, futbolçular arasında hansısa şübhəli məqam yoxdur. Çempionatın startından əvvəl testdən keçmişdik, problem yox idi. Avropa Liqasındakı oyundan əvvəl yenidən testdən keçəcəyik”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button