“Artıq UEFA İcraiyyə Komitəsinin qərarı var, daha nə istəyirsiz?” – Koloskov

Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov Rusiyanın dörd klubunun bu ölkənin komandalarının avrokuboklardan kənarlaşdırması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək qərarını şərh edib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov, şikayətin heç bir mənasının olmayacağını deyib:

“Bunun heç bir mənası olmayacaq. Artıq UEFA İcraiyyə Komitəsinin qərarı var, daha nə istəyirsiz? Təbii ki, yəqin bu şikayətə baxacaqlar, amma sonda milli komandanın məsələsində olduğu kimi, bundan da imtina edəcəklər. Nə qədər utancverici olsa da, reallıq budur. Biz Avropa yarışlarında olmayacağıq.

Yaxşı mübarizə aparan klublar və onların hüququ var. Bu qərarla razılaşmadığımızı bir daha vurğulayırıq. Biz öz mövqeyimizi ictimaiyyətə bəyan edirik. Bu, vacibdir”.

Rusiyanın 4 klubu – “Zenit”, ÇSKA, “Dinamo” və “Soçi” Rusiya komandalarının avrokuboklardan kənarlaşdırılması ilə bağlı UEFA-nın qərarından CAS-a şikayət edib.

Bundan əvvəl UEFA İcraiyyə Komitəsi bir sıra qərarlar qəbul edib: Rusiya klubları 2022/23 mövsümündə avrokuboklarda təmsil olunmayacaq, Rusiya millisi Millətlər Liqasından kənarlaşdırılıb, Rusiyanın AÇ-2028 və ya AÇ-2032-yə ev sahibliyi etmək üçün müraciəti qəbul edilməyib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button