“Artıq “Qarabağ” tanınan brenddir” – Tahir Gözəl

“Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik”. 

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanda  “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Gözəl, bu komandanın tarixin ən güclü “Qarabağ”ı olduğunu deyib:

“Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Mən də həmin vaxt səfərdə olacam. Məncə, bu, tarixin ən güclü “Qarabağ”ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, “Qarabağ” qarşıdakı oyunlarda da bizi sevindirəcək. “Qarabağ” çox cəsarətli oyun sərgiləyir. Hesab edirəm ki, pley-offda da öz bacarığımızı göstərəcəyik. Klubumuza inanıram”.

Gözəl, “Qarabağ”ın Avropada tanınan brend olduğunu deyib: 

“Səfərə çıxanda və “Qarabağ”ın prezidentiyəm” deyəndə bizi tanıyırlar. İtaliyada restoranda dedilər ki, “Roma” ilə görüşümüzü xatırlayırlar. Artıq “Qarabağ” tanınan brenddir. Bunun üçün fəxr edirəm. Daim diqqət mərkəzindəyik və oyunçularımıza da tələbat var. Bizim məqsədimiz “Qarabağ”ın adını, ölkəmizi böyük şərəflə dünyada tanıtmaqdır. Çempionlar Liqasındakı oyunlar maddi cəhətdən də “Qarabağ”a çox köməklik edir. Bildiyiniz kimi, klubun öz gəliri yoxdur. Ən böyük sponsoru “Azersun Holdinq”in sayəsində buralara gəlib. Avrokuboklar “Qarabağ”ın gələcəyi üçün çox önəmlidir. Hər şey göstərir ki, biz doğru yoldayıq”.

Klub rəhbəri, bəzi xarici klubların onlardan sabitliyin sirlərini soruşduğunu deyib:

“14 il eyni baş məşqçi ilə yola davam etmək rekorddur. Mənim onlara cavabım odur ki, “Qarabağ”ın özünəməxsus hekayəsi var. Bu klub özünü göstərmək istəyən, pul qazanmaq haqqında fikirləşən prezidentdən və futbolçulardan ibarət deyil. “Qarabağ”ın hekayəsi hamımıza ilham verir. “Qarabağ” adı bizə böyük məsuliyyət verir. “Ferentsvaroş”un azarkeşi oyundan sonra mənə dedi ki, “Qarabağ”da güc var idi. Siz həmin işıq və motivasiya hesabına qalib gəldiniz”. 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button