“Arsenal”ın futbolçuları da Bakı finalı öncəsi danışdı

“Mxityaranın Bakıda olmamasından məyusuq. Siyasətdən çox danışdıq, indi isə futboldan söhbət açmaq istəyirik”.

Komanda.az xəbər verir ki, bunları İngiltərənin “Arsenal” komandasının futbolçusu Qranit Caka UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

İsveçrəli yarımmüdafiəçi bildirib ki, baş məşqçi Unay Emerinin Avropa Liqasında yaxşı təcrübəsi var: “Unay Emerinin çox böyük təcrübəsi var. Avropa Liqasının kubokunu 3 dəfə qazanıb. Dördüncü kuboku ona hədiyyə etmək istəyirik. İlk dördlükdə olmağa layiqik. Finala tam hazır olmalıyıq. Həlledici oyuna Bakıda və ya başqa yerdə çıxmağın fərqi yoxdu”.

London təmsilçisinin Yunanıstandan olan müdafiəçisi Sokratis Papastatopulos da fikirlərini bölüşüb: “Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək. Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdı. Ondan sonra digər məsələlər barədə düşünərik. Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq. Sabah tək Eden Hazarda yox, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdı”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button