“Araz”ın qapıçısı: “Hələ heç nə bitməyib”

Futzal üzrə UEFA Çempionlar Liqasının bu gün keçirilmiş “Uraqan” – “Araz” (Naxçıvan) oyunu ilə bağlı Azərbaycan təmsilçisini meydana kapitan kimi çıxarmış Rövşən Hüseynli fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Rəqib meydan amilindən maksimum istifadə etdi. Örtüyün sürüşkən olması özünü göstərdi. Dünənki məşq prosesində də bunu hiss etmişdik, amma adaptasiya dərhal alınmadı. Üstəlik, onlar azarkeş dəstəyindən də yararlandılar. Oyun planında bizdən dəfələrlə üstün deyildilər. Bizim heyətimizdə itkilər var idi. Rizvan Fərzəliyev, Xətai Bağırov illərdir bu komandanın üzvüdür. Hər ikisi baş məşqçinin taktiki planda tələblərini yaxşı bilirdilər. Xüsusilə də 5 oyunçu ilə oynayan zaman Rizvanın yoxluğu hiss olunurdu. Məşqlər həm də bu futzalçıların üzərində qurulmuşdu. Yeni gələn oyunçuların taktiki tapşırıqları mənimsəməsi, standart vəziyyətlərin icrasını öyrənməsi müəyyən vaxt aparır.

“Uraqan”la oyunda öz oyunumuzu nümayiş etdirə bilmədik. Bir qədər zəif çıxış etdik, ötürmələrimizdə dəqiqlik, sürət çatmadı. İlk oyunlardakı nəticələrlə yekun haqda danışmaq olmaz. Şanslar bitməyib, sona qədər çox şey dəyişə bilər. Məsələn, bu gün hamımız Rumıniya çempionundan qələbə gözləyirdik, amma əksi ilə üzləşdik. Sadəcə, şansımız bir qədər azalıb. Sabah “Yunayted Qalati” ilə oyunda bugünkü səhvləri etməməliyik. Hər iki görüşümüzü qələbə ilə yekunlaşdırmalıyıq ki, sona qədər şansımız davam etsin”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button